Xəzər Xəbər

Kənd təsərrüfatının maliyyələşdirilməsi üzrə tədbirlər planı təsdiqləndi

İqtisadiyyat | 10:23 • 11 İyul 2017
Kənd təsərrüfatının maliyyələşdirilməsi üzrə tədbirlər planı təsdiqləndi

Kənd təsərrüfatının maliyyələşdirilməsi üzrə tədbirlər planının son variantı təsdiq olunub.

Ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə Azərbaycan Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli fərmanı ilə yaradılmış Maliyyə Sabitliyi Şurasının 2017-ci il 20 iyun tarixində Azərbaycanın Baş naziri, Maliyyə Sabitliyi Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə növbəti iclası keçirilmişdi.

Şuranın Katibliyindən Trend-ə verilən məlumata görə, iclasda "Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 11 aprel 2017-ci il tarixli sərəncamına müvafiq olaraq Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin "Maliyyəyə çıxışın asanlaşdırılması” sərlövhəli 3-cü strateji hədəfin reallaşdırılmasını nəzərədə tutan prioritetlərdə göstərilən tədbirlərin əhatə edildiyi geniş tədbirlər planı müzakirə olunub.

Tədbirlər planı Kənd Təsərrüfatı Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadiyyat Nazirliyi və Dövlət Neft Fondunun nümayəndələrindən təşkil olunmuş işçi qrupu tərəfindən birgə hazırlanıb, həmçinin beynəlxalq maliyyə qurumlarının texniki yardım çərçivəsində hazırladığı sənədlərdən istifadə edilib.

Planda kənd təsərrüfatı üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, sektora innovativ və girovsuz kreditlərin tətbiqi mexanizmlərinin hazırlanması, aqrar sektora təsir edən risklərin idarə olunması, aqrar sığortanın inkişaf etdirlməsi, aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi, kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə savadlığının artırılması və s. konkret tədbirlər nəzərdə tutulub.

Müzakirələr zamanı bildirilib ki, hazırlanmış tədbirlər planının reallaşdırılması kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə və son nəticədə aqrar sahəyə investisiya qoyuluşlarının təşviqinə imkan verəcək.

Təqdim olunan tədbirlər planı layihəsi ümumilikdə qəbul olunmuş və Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb ki, aparılmış müzakirələrin nəticələri, verilmiş rəy və təkliflər nəzərə alınmaqla yekun variant hazırlansın və Maliyyə Sabitliyi Şurasının növbəti müzakirəsinə təqdim edilsin.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yenidən işlənilərək təkmilləşdirilmiş və müvafiq dövlət qurumları ilə razılaşdırılmış tədbirlər planının son variantı 10 iyul 2017-ci il tarixində Maliyyə Sabitliyi Şurasının növbəti toplantısında təsdiq olunub.

İclasda, həmçinin cari ilin ötən dövründə ölkədə makroiqtisadi vəziyyət, maliyyə sabitliyinin dayanıqlığının dinamikasında müşahidə olunan pozitiv meyillər və digər məsələlər ətrafında geniş fikir mübadiləsi olub.

Xəbər lenti