Xəzər Xəbər

Fərdi repetitorluqla məşğul olanlar da vergi uçotuna alınmalıdırlar

İqtisadiyyat | 14:14 • 10 İyul 2017
Fərdi repetitorluqla məşğul olanlar da vergi uçotuna alınmalıdırlar

Fərdi repetitorluqla məşğul olan şəxslər necə və nə qədər vergi ödəməlidirlər?

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, sözügedən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxslər kimi sahibkarlıq fəaliyyətinə başladıqları günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdırlar.

Vergi uçotuna alınma kağız daşıyıcısında "Fiziki şəxsin vergi uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir.

Həmin şəxslər vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərlər. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən "Asan İmza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsilə aparılır. Uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma ödənişsiz həyata keçirilir.

Vergi uçotuna alınarkən təqdim edilən ərizədə seçilən vergitutma metoduna uyğun olaraq sadələşdirilmiş verginin, gəlir vergisinin və ya əlavə dəyər vergisinin (gəlir vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərə bilərlər.

Xəbər lenti