Xəzər Xəbər

Bakı Nəqliyyat Agentliyi qanunsuz sərnişindaşıma ilə bağlı sərnişinlərə müraciət edib

İqtisadiyyat | 17:05 • 6 İyul 2017
Bakı Nəqliyyat Agentliyi qanunsuz sərnişindaşıma ilə bağlı sərnişinlərə müraciət edib

Müntəzəm sərnişindaşıma xidməti göstərən daşıyıcılardan, eyni zamanda sərnişinlərdən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzindən (NMM) "Azadlıq” metrostansiyası istiqamətinə bir neçə nəqliyyat vasitələrinin qanunsuz sərnişindaşıma fəaliyyəti göstərməsi barədə Bakı Nəqliyyat Agentliyinə (BNA) daxil olan şikayətlər əsasında araşdırma aparılıb.

BNA-dan xezerxeber.az-a verilən məlumata görə, araşdırma nəticəsində müəyyən edilib ki, Elzamin İsmayılzadə adlı şəxs dövlət qeydiyyat nömrə nişanı 10 ME 228 olan "Mercedes” markalı sərnişindaşımaya yararsız olan mikroavtobusla qeyri-qanuni sərnişindaşıma fəaliyyəti göstərir.

"Belə ki, adıçəkilən şəxs qanunsuz sərnişindaşıma fəaliyyəti göstərərkən "Koroğlu" NMM-ə daxil olaraq müntəzəm marşrutların dayanacaq yerini zəbt edir. BNA-da aparılan söhbət zamanı sürücü Elzamin İsmayılzadə müvafiq sənədlərinin olmamasını və qanunsuz sərnişindaşıma fəaliyyəti göstərməsini etiraf edib. BNA tərəfindən həmin sürücü barəsində qanunamüvafiq tədbirin görülməsi üçün zəruri məlumatlar aidiyyəti dövlət qurumlarına göndərilib”, - deyə məlumatda bildirlir.

BNA-dan od da bildirilib ki, görülən bütün zəruri tədbirlərə baxmayaraq hələ də bəzi şəxslər tərəfindən yararsız vəziyyətdə olan mikroavtobuslarla qanunsuz sərnişindaşıma fəaliyyətinin həyata keçirilməsi halları mövcuddur: "Bu kimi mikroavtobuslardan istifadə sərnişinlərin həyatı üçün ciddi təhlükə mənbəyidir. Məhz mikroavtobusların iştirakı ilə baş verən yol nəqliyyat hadisələri olduqca ağır nəticələrə səbəb olub. Qeyd edilənləri nəzərə alaraq BNA sərnişinlərdən xahiş edir ki, bu kimi nəqliyyat vasitələrindən istifadə etməsinlər”.

Xəbər lenti