Xəzər Xəbər

Amerika dolları 9 aylıq minimuma endi

İqtisadiyyat | 15:54 • 29 İyun 2017
Amerika dolları 9 aylıq minimuma endi

Bugünkü ticarət sessiyasında ABŞ dollarının indeksi 0,11% zəifləyərək 95,911 bənd səviyyəsinə çatıb ki, bu da ötən ilin oktyabr ayından etibarən minimal göstəricidir.

Ötən həftə dolların indeksi 97 bəndədək bahalaşa bilib.

İngiltərə Mərkəzi Bankının rəhbəri Mark Karni uçot dərəcəsinin 0,25% artırılmasının vaxtının çatdığını bəyan etdikdən sonra funt sterlinq dollara qarşı üstünlüyünü qorumaqdadır. Hazırda funt sterlinqin məzənnəsi 0,2% möhkəmlənərək 1,2953 dollara çatıb. Buna baxmayaraq, funt sterlinq iyunun 9-da yüksəldiyi 1,2977 dollar səviyyəsindən bir qədər aşağıda ticarət olunur.

Avro da dollara qarşı 0,2% möhkəmlənərək 1,1397 dollara çatıb. Avronun möhkəmlənməsinə dəstək verən əsas amil Avropa Mərkəzi Bankının rəhbəri Mario Draqinin açıqlamasıdır. Belə ki, Portuqaliyada təşkil olunan konfransda Avropanın baş bankiri kəmiyyət yumşaldılması proqramının bu il ərzində dayandırıla biləcəyinə işarə edib.

Dollar Yaponiya yeninə qarşı da ucuzlaşıb. Bugünkü ticarət sessiyasında dollar 112,23 yenə ticarət olunur ki, bu da mayın 17-də qeydə alınan maksimumdan (112,495) aşağıdır. Yaponiya Mərkəzi Bankının rəhbərliyi hesab edir ki, indiki şəraitdə olduqca yumşaq siyasət davam etdirilməlidir. Belə ki, hazırda Yaponiyada inflyasiya hədəflənən 2% səviyyəsindən olduqca aşağıdır.

Xəbər lenti