Azərbaycanın "ISMA Bikes" şirkəti iyul ayından etibarən öz istehsalı olan velosipedlərin satışına başlayacaq.
XəzərXəbər xəbər verir ki, bunu Trend-ə şirkətin baş direktoru Elçin Qəhrəmanov deyib.
Onun sözlərinə görə satışlar iyulun 6-da keçiriləcək təqdimat mərasimindən sonra başlayacaq.
"Synergy Group" şirkətlər qrupuna daxil olan "ISMA Bikes" Azərbaycanda ilk velosiped istehsalçısıdır. Zavod İsmayıllı rayonunun Diyallı kəndində yerləşir.
E.Qəhrəmanovun sözlərinə görə, istehsal olunan məhsulların geniş çeşidi
olacaq: "Biz bazara 40-dək müxtəlif model velosiped, o cümlədən uşaq,
şəhər və dağ velosipedləri çıxarmağı planlaşdırırıq. Biz bu il 5-10 min
velosiped istehsal etməyi nəzərdə tutmuşuq. Gələn il isə 30 minədək
velosiped istehsal oluna bilər".
Velosipedlərin qiymətlərinə gəldikdə isə o qeyd edib ki, qiymət 70-2500
manat arası olacaq. O həmçinin əlavə edib ki, digər şirkətlərin də
əməkdaşlıq marağına baxmayaraq velosipedlərin satışı bilavasitə "ISMA
Bikes" mağazası tərəfindən metronun "20 yanvar" stansiyası yaxınlığında
yerləşən velotrek ərazisində həyata keçiriləcək.
E.Qəhrəmanov bildirib ki, şirkət bazarın müxtəli subyektləri ilə
əməkdaşlıq qurmağı planlaşdırır: "Bu mərhələdə biz öz velosipedlərimizi
ancaq ölkə daxilində tədarük etməyi planlaşdırırıq. Biz öyrənmək
istəyirik ki, müştərilərimizin münasibəti necə olacaq, hansı
velosipedlərə daha çox tələbat olacaq. Daha sonra bu nəticələrə əsasən
gələcək strategiyamızı müəyyənləşdirəcəyik".