Xəzər Xəbər

İlin sonuna qədər Asiyanın ümumi sərvəti Avropanın sərvətini üstələyəcək

İqtisadiyyat | 15:10 • 19 İyun 2017
İlin sonuna qədər Asiyanın ümumi sərvəti

Keçən il Qərbi Avropada özəl zənginlik həcmi 3,2% artıb və 40,5 trilyon dollara çatıb. Bu planetin regionları üzrə ən kiçik artımdır. 2016-cı ildə Asiya-Sakit okeanı regionunda özəl zənginlik həcmi 9,5% artaraq 38,4 trilyon dollara çatıb və demək olar ki, Qərbi Avropanın göstəricisinə yaxınlaşıb.

Banker.az xəbər verir ki, maliyyə dünyasında kifayət qədər tanınmış Boston konsaltinq qrupunun (BCG) proqnozlarına əsasən, bu il Asiya-Sakit okeanı regionunda özəl zənginlik həcmi 10% artmalı və 42,3 trilyon dollara çatmalıdır. Analitiklər Qərbi Avropada isə ən kiçik artımı (41,9 trilyon dollar) proqnoz verib.

Boston analitikləri Şərq ilə Qərbin öz yerlərini dəyişməsinə əsas səbəblərdən biri olaraq Brexit ilə bağlı siyasi və iqtisadi qeyri-müəyyənliyin olmasını göstərib. Bundan əlavə, BCG analitiklərinin proqnozlarına görə, 2019-cu ildə Asiya-Sakit okeanı regionu Yaponiya ilə birgə Şimali Amerikanı da geridə qoyacaq.

Asiya-Sakit okeanı regionundan olan investorlar keçən il ən böyük offşor zənginlik mənbəyi idilər (2,9 trilyon dollar). 2016-cı ildə bu göstərici Qərbi Avropada artıq aşağıda idi – 2,6 trilyon dollar.

Gözləntilərə əsasən, 2021-ci ilin sonuna qədər qlobal özəl zənginlik həcminin artımı 6% təşkil edəcək. Qeyd edək ki, keçən il bu göstərici 5,3% təşkil edirdi, ümumi zənginlik həcmi isə 166,5 trilyon dollar idi.


Xəbər lenti