Əmlak Məsələləri Dövlət Komitəsi
(ƏMDK) tərəfindən iyulun 18-də keçiriləcək yeni hərrac elan edilib.
Hərraca ümumilikdə 124 əmlak çıxarılıb. Bunlardan 25-si səhmdar
cəmiyyət, 21-i kiçik dövlət müəssisə və obyekti, 73-ü istifadəsiz
qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir. Hərracda müxtəlif
təyinatlı müəssisələrin olması investorların seçim imkanını artırır.
Komitədən
XəzərXəbər-ə bildirilib ki, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri
məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir.
Bu əmlaklardan 4-ü paytaxtın Sabunçu rayonunda, digərləri isə Gəncə, İmişli, Şirvan, Qazax,
Sumqayıt və başqa bölgələrdə yerləşir. Kiçik dövlət müəssisələrinin
əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb.
Hərracda yüksək start qiyməti ilə seçilən əmlak İmişlidə yerləşən
Yardımçı təsərrüfatdır. Adı çəkilən əmlak 375 min manata təklif olunur.
Bu əmlakın torpaq sahəsi isə 190 min kvadratmetrə yaxındır. Ümumi
faydalı sahəsi isə 533,3 kvadratmetrdir. Bundan başqa Gəncə şəhərində
yerləşən "Xronika” kinoteatrı torpaq sahəsi və ilkin start qiymətinə
görə fərqlənir. Belə ki, 978 kvadratmetr olan əmlakın ilkin start
qiyməti 139 min 500 manatdır.
Hərracda özəlləşdirməyə çıxarılan Gəncə şəhərində yerləşən "Xronika”
kinoteatrı əlverişli biznes obyektidir. Nəzərə alsaq ki, ölkəmizdə
çəkilən filmlərin və izləyicilərin sayı artmaqdadır investor həmin
obyektə fəaliyyəti istiqaməti üzrə vəsait yatırmaqla yaxşı gəlir əldə
edə bilər.
Bundan başqa hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir
gətirə biləcək əmlaklar sırasında 1 saylı yeməkxananı nümunə kimi
göstərmək olar. İmişlidə yerləşən həmin obyekt investorlar üçün iaşə
sahəsində yaxşı qazanc deməkdir. Qiyməti isə əksər investorlar üçün
münasibdir.
İstifadəsiz qeyri-yaşayış sahələrinin isə biri Gəncədə, qalanları
paytaxtda yerləşir. Bu kateqoriyaya aid edilən əmlakların ümumi faydalı
sahəsi 7 kvadratmetrlə 295 kvadratmetr arasında dəyişir. Bu isə
alıcıların seçim imkanını artıraraq onların fəaliyyətini əvvəlcədən
planlaşdırmağa imkan verir.
Budəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, aqrar,
nəqliyyat, məişət, inşaat, istehsal, təmir və s. sahələrə aiddir.
Hərraca çıxarılan iri müəssisələr sırasında "Salyan broyler”, "Qax Taxıl”, "Ağdaş Quşçuluq”, "Yevlax
Yük Avtonəqliyyat”, "Salyan Aqrotexservis” kimi müəssisələr var. Bu
kateqoriyaya aid edilən səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 8 min
274 manatla 1 milyon 1294 manat arasında dəyişir.
Hərraca çıxarılan 5 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının
balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat
vasitələridir. Hər bir nəqliyyat vasitəsinin fotosu və müvafiq
məlumatlar hərrac günündən 1 ay əvvəldən komitənin Özəlləşdirmə
portalında əks olunur.
Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı
http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1973
linkindən əldə etmək mümkündür.
Xatırladaq ki, vətəndaşların və potensial investorların hərracda əmlaka
yiyələnməsi üçün cəmi 2 sadə prosedur kifayət edir. Bunun üçün
"privatization.az” portalına daxil olub, əmlakı seçib sifariş vermək və
10 faiz məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Elektron
sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin "facebook”dakı
rəsmi səhifəsi və "privatization.az” səhifəsi vasitəsilə aparılır.
Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət
pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar
cavablandırılır.