2016-cı ildə mənfəət neftinin və
qazın satışından əldə edilən gəlirlər maddəsi üzrə Azərbaycan
Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcəsinə 8 milyard 320,0
milyon manat və ya 5 milyard 189,1 milyon ABŞ dolları məbləğində vəsait
daxil olub.
Bu
barədə Dövlət Neft Fondunun 2016-cı il üzrə fəaliyyəti haqqında
hesabatı, maliyyə fəaliyyəti haqqında hesabatının auditinin nəticələrini
özündə əks etdirən illik hesabatında bildirilib.
Qeyd edilib ki, Azərbaycan Respublikasında dənizdə və quruda yerləşən
yataqların işlənməsi üzrə bağlanmış Hasilatın Pay Bölgüsü haqqında
Sazişlərə (HPBS) uyğun olaraq 2016-cı ildə mənfəət neftinin və qazın
satışı üzrə daxilolmaların 98,3 faizi "Azəri-Çıraq-Günəşli” (AÇG) və
"Şahdəniz” yataqlarından hasil edilmiş mənfəət neftinin və qazın
satışından daxil olub.
Belə ki, AÇG yatağı üzrə hesabat ili ərzində 5 milyard 100,23 milyon ABŞ
dolları, "Şahdəniz” yatağından hasil edilmiş mənfəət qazının satışından
təqribən 63,98 milyon ABŞ dolları (bu məbləğə SOCAR tərəfindən
"Şahdəniz-1” layihəsi çərçivəsində SOCAR (Azərbaycan dövləti) və
alıcılar arasında qazın alqı-satqısı üzrə bağlanmış sazişlər üzrə
müvafiq illik qaz həcmlərindən artıq olan hissəsinə görə ödənilən vəsait
(135 milyon ABŞ dolları) daxil edilməyib) və digər yataqlar üzrə isə
24,9 milyon ABŞ dolları həcmində vəsait daxil olub.