Xəzər Xəbər

Bu il ölkə ərazisində 136 min hektar sahədə pambıq əkiləcək

İqtisadiyyat | 16:05 • 25 Aprel 2017
Bu il ölkə ərazisində 136 min hektar sahədə pambıq əkiləcək

Aprelin 25-də İmişlidəki Heydər Əliyev Mərkəzində "Pambıq əkinlərində aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətli aparılmasının üstünlükləri” mövzusunda keçirilən respublika müşavirəsində Prezident İlham Əliyev tərəfindən pambıqçılığın inkişafı ilə bağlı aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında qoyulan konkret vəzifələrdən danışılıb.


AZƏRTAC xəbər verir ki, müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin məsul işçiləri, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, "Aqrolizinq” ASC-nin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun, Azərbaycan Dövlət Aqrar Universitetinin, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin və pambıqçılıqla məşğul olan rayonların icra hakimiyyəti orqanlarının, iri pambıqçılıq şirkətlərinin nümayəndələri, eləcə də fermer və sahibkarlar iştirak ediblər.


Müşavirədə intensiv texnologiyalar, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri, məhsuldar yeni sortların üstünlükləri, pambıqçılıqda istifadə edilən müasir texnikalar barədə fermerlərə ətraflı məlumat verilib, pambıqçılığın perspektivləri müzakirə olunub.


Diqqətə çatdırılıb ki, Kənd Təsərrüfatı Nazirliyində "2017-ci ildə pambıq istehsalının təşkili ilə bağlı Tədbirlər Planı” hazırlanıb, istehsalçıların texnika, toxum, gübrə, bitki mühafizə vasitələri ilə təminatı üçün zəruri işlər görülüb. Eyni zamanda, pambıqçılar tərəfindən torpaqbecərmə əməliyyatları əsasən başa çatdırılıb və səpinqabağı becərmə işləri davam etdirilir.


Qeyd olunub ki, aprelin 24-nə olan məlumata görə, respublika üzrə pambıq əkilməsi planlaşdırılan 136 min hektar sahənin 115 min hektarında şum, 80 min hektardan çox sahədə isə səpin aparılıb, 15 minə yaxın istehsalçı ilə pambıq əkini barədə müqavilə bağlanılıb.


Tədbir başa çatdıqdan sonra müşavirə iştirakçıları rayonun Qaradonlu yaşayış məntəqəsindəki pambıq əkini sahələrinə baxış keçirib, pambıq səpini və alaq otlarına qarşı herbisidlərdən düzgün istifadə qaydaları nümayiş etdirilib.

Xəbər lenti