Xəzər Xəbər

Teymur Rəcəbov ilk qələbəsini qazanıb

İdman | 10:43 • 23 Noyabr 2020
Teymur Rəcəbov ilk qələbəsini qazanıb

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov rapid üzrə keçirilən "Skillins Open" turnirində mübarizəyə başlayıb.


Xezerxeber.az xəbər verir ki, şahmatçımız turnirin ilk günü beş oyun keçirib. Belə ki, ilk oyununu Pyotr Svidler (Rusiya) ilə heç-heçə başa vuran şahmatçımız sonrakı iki turda Rusiyanın digər təmsilçisi Yan Nepomnyaşi və hazırkı dünya çempionu Maqnus Karlsenə (Norveç) məğlub olub. Dördüncü turda fransalı Maksim Vaşye-Laqrav üzərində qələbə qazanan T.Rəcəbov David Anton Guijarro ilə sonrakı matçda (İspaniya) məğlub olub.


Beş turun nəticəsinə görə, Azərbaycan şahmatçısı 14-cü (1,5 xal) pillədə qərarlaşıb.


İştirakçılar arasında ən çox xal toplayan Anish Giri (Hollandiya, 4,5 xal) liderliyə yüksəlib. Maqnus Karlsen və David Anton Guijarro hərəyə 3,5 xalla sonrakı pillələri tutublar.


Qeyd edək ki, turnirin ilk üç günü ərzində 16 şahmatçının iştirakı ilə keçiriləcək ilkin mərhələdə pley-offda mübarizəni davam etdirəcək ən güclü səkkizlik müəyyənləşəcək.


Noyabrın 30-dək davam edəcək turnir "Champions Chess Tour” seriyasına aiddir.

Xəbər lenti