Xəzər Xəbər

Poqba Fransa millisindən ayrılmasını yalanladı

İdman | 15:24 • 27 Oktyabr 2020
Poqba Fransa millisindən ayrılmasını yalanladı

"Mançester Yunayted”in ulduz futbolçusu Pol Poqba Fransa millisindən ayrılacağı ilə bağlı xəbəri yalanlayıb.

O, "Instagram” hesabında "The Sun” nəşrinin xəbərini paylaşaraq (əslində, britaniyalılar da bu xəbəri ərəb saytına istinadən yayıb - S.M.), bunu "feyk” adlandırıb:

"Beləliklə, "The Sun” bunu təkrarladı... Haqqımda tam 100 faiz əsassız xəbərlər dolaşır, heç söyləmədiyim və düşünmədiyim şeylər yazılır. Bəzi "media” mənbələri məni dəhşətə gətirir, qəzəbləndirir, şoka salır və əsəbiləşdirir, məni xəbər başlıqlarına çıxararaq, dinimi və Fransa millisini Fransadakı hadisələrin həssas mövzusuna alət edirlər.

Mən hər cür terrora və şiddətə qarşıyam. Mənim dinim sülh və sevgidir və hörmət edilməlidir. Təəssüf ki, bəzi mətbuat adamları xəbər yazarkən məsuliyyətlə davranmırlar, mətbuat azadlığından sui-istifadə edərək, yazdıqlarının doğruluğunu yoxlamırlar, düşünmədən dedi-qodu yaradırlar, insanların həyatına və mənim həyatıma təsir edirlər.

Bu 100 faizsaxta xəbərləri nəşr edib yayanlara qarşı qanuni tədbirlər görürəm. "The Sun”a səslənirəm: sizlərdən bəziləriniz,yəqin ki, məktəbə getmişdiniz və müəlliminizin həmişə mənbələrinizi necə yoxlayın dediyini xatırlayacaqsınız, əmin olmadan yazmayın. Amma deyəsən, bunu təkrar etdiniz və bu dəfə çox ciddi bir mövzuda. Ayıb olsun sizə!”

Qeyd edək ki, Fransa Prezidenti Emanuel Makron 47 yaşlı məktəb müəllimi Samuel Patinin başının kəsilməsindən sonra İslam dininə qarşı müəyyən fikirlər səsləndirib və bu, birmənalı qarşılanmayıb. Bundan sonra müsəlman olan Pol Poqbanın Makrona görə Fransa millisindən ayrılacağına dair xəbərlər yayılıb.


Xəbər lenti