Xəzər Xəbər

“Milan” səfərdə böyük hesabla qələbə qazanıb

İdman | 09:10 • 23 İyun 2020
“Milan” səfərdə böyük hesabla qələbə qazanıb

İyunun 22-də futbol üzrə İtaliya A Seriyasının 27-ci turunun növbəti oyunları keçirilib.


Xezerxeber.az xəbər verir ki, çempionatın iddialı klubu "Milan” səfərdə autsayder "Leççe” komandasının qonağı olub. Görüş Milan təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.


Oyunda hesabı qonaqlar birinci hissənin 26-ci dəqiqəsində açıb. Hakan Çalhanoğlunun cinah ötürməsini Samu Kastilexo dəqiq zərbə ilə tamamlayıb. Birinci hissə "Milan”ın minimal hesablı qələbəsi ilə başa çatıb.


Qarşılaşmanın ikinci hissəsinin 54-cü dəqiqəsində meydan sahibləri hesaba tarazlıq gətirib. Marko Mancosu 11 metirlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Qoldan sonra irəli atılan "Milan” üç dəqiqə ərzində iki dəfə fərqlənməyə nail olub. Qolları müvafiq olaraq Cakomo Bonaventura və Ante Rebiç vurub (1:3). Bu da oyunda son qol olmayıb. Meydana yenicə daxil olmuş Rafael Leao görüşdə son nöqtəni qoyub (1:4). Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.


Bu qələbədən sonra "Milan” xal ehtiyatını 39-a çatdıraraq turnir cədvəlində 7-ci pillədə, "Leççe” isə 25 xalla 18-ci yerdə qərarlaşıb. Növbəti turda "Milan” öz meydanında "Roma” komandasını, "Leççe” isə səfərdə lider "Yuventus”un qonağı olacaq.


Günün digər görüşündə "Fiorentino” doğma azarkeşlər önündə sonuncu pillədə - 18-ci yerdə qərarlaşan "Breşiya” ilə heç-heçə edib (1:1).

Xəbər lenti