Xəzər Xəbər

Bu gün futbol üzrə Azərbaycan çempionatının XVII turuna start veriləcək

İdman | 13:23 • 15 Fevral 2020
Bu gün futbol üzrə Azərbaycan çempionatının XVII turuna start veriləcək

Fevralın 15-də futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turuna iki qarşılaşma ilə start veriləcək.


Xezerxeber.az xəbər verir ki, iki günü əhatə edəcək tura Zirə İdman Kompleksinin stadionunda keçiriləcək "Zirə” – "Qarabağ” oyunu ilə başlanılacaq. Saat 15:00-da keçiriləcək görüşü Rəhim Həsənov idarə edəcək.


Hazırda Ağdam təmsilçisinin 35 xalı var, paytaxt klub isə 20 xalla 5-ci yerdədir. "Qarabağ” birinci dövrədə 3:1 hesabı ilə qələbə qazanıb. İkinci dövrədəki oyun isə bərabərliklə bitib - 1:1.


Komandalar indiyədək 18 dəfə üz-üzə gəliblər. Qəsəbə təmsilçisi hələ ki, rəqibini məğlub edə bilməyib. "Köhlən atlar” 13 dəfə meydanı 3 xalla tərk ediblər, 5 qarşılaşma isə heç-heçə bitib. "Qarabağ” ardıcıl 5 səfər matçında da qələbə qazanıb. Topların fərqində də son ölkə çempionunun aşkar üstünlüyü var - 37:8.


Həmin gün baş tutacaq "Sumqayıt” – "Sabah” matçının baş hakimi İnqilab Məmmədov olacaq. Saat 17:00-da start götürəcək görüş "Kapital Bank Arena”da oynanılacaq.

"Gənclik şəhəri” təmsilçisi 22 xalla 4-cü, qonaq komanda isə 16 xalla 6-cı sıradadır. "Sumqayıt” hər iki dövrədə qələbə qazanıb - 1:0, 3:1.


Rəqiblər Premyer Liqada 6 dəfə üz-üzə gəliblər. Meydan sahibləri 6, paytaxt klubu isə 1 dəfə qələbə sevinci yaşayıb. Topların fərqində də "Sumqayıt” öndədir - 10:4. "Sabah” 3 matçdır rəqibi ilə görüşdə xal qazana bilmir. "Sumqayıt”ın evindəki bütün matçlarında isə tərəflər bir qol vura biliblər.


Fevralın 16-da "ASCO Arena”da keçiriləcək "Səbail” – "Qəbələ” oyununda baş hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Matç saat 16:30-da başlayacaq.


Tura həmin gün keçiriləcək "Neftçi” - "Keşlə” oyunu ilə yekun vurulacaq. Elçin Məsiyevin idarə edəcəyi qarşılaşma saat 19:00-da start götürəcək.


Turun bütün görüşləri "CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.


Qeyd edək ki, 16 turdan sonra turnir cədvəlinə 35 xalla "Qarabağ” klubu başçılıq edir. Aktivində 27 xal olan "Neftçi” ikinci, 26 xalı olan "Keşlə” isə üçüncü yerdə qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq "Sumqayıt” (22), "Zirə” (20), "Sabah” (16), "Səbail” (15) və "Qəbələ” (13) yer alıblar.

Xəbər lenti