Xəzər Xəbər

Azərbaycanda klub prezidenti və məşqçi saxlanıldı - AÇIQLAMA

İdman | 10:05 • 17 Dekabr 2019
Azərbaycanda klub prezidenti və məşqçi saxlanıldı - AÇIQLAMA

"Keşlə” Futbol Klubunun əsas komandasının məşqçisi Mehman Babayev və komandanın inzibatçısı Asəf Səfərov danışılmış oyunlarla bağlı aparılan araşdırmalar çərçivəsində hüquq-mühafizə orqanlarına dəvət olunublar, onların izahatları alınıb.

XəzərXəbər klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, adı çəkilən şəxslər 2017-ci ildə "Binə” Futbol Klubundakı fəaliyyətlərinə görə izahat veriblər.

"Keşlə” müvafiq araşdırmanın nəticələrindən sonra Mehman Babayev və Asəf Səfərovla bağlı yekun qərarını ictimaiyyətə açıqlayacaq.

Məlumatda bildirilir ki, aparılan araşdırmaların "Keşlə” Futbol Klubuna heç bir aidiyyəti yoxdur: "Klubumuz idman oyunlarının nəticələrinin manipulyasiyasında iştirak edən şəxslərin əməllərini pisləyir və layiqli şəkildə cəzalandırılmalarını, futbolunun inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirir".

***

"Keşlə”in fiziki hazırlıq üzrə məşqçisi Mehman Babayev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Sportinfo.az-ın məlumatına görə, Tərlan Əhmədovun köməkçisi komandanın dünənki məşqindən dərhal sonra bölməyə aparılıb.

Məşqçi, böyük ehtimalla, danışılmış oyunlarla bağlı aparılan araşdırma çərçivəsində saxlanılıb.

Saytın əldə etdiyi digər məlumata görə, "Binə” klubunun prezidenti Teymur Həsənli də saxlanılıb. Onun da adı oyunların nəticəsinin manipulyasında hallanır. Güman olunur ki, Həsənlinin məsələsi "Binə”nin birinci divizionda çıxış etdiyi 2017-2018 mövsümü ilə bağlıdır.

Məlumat üçün deyək ki, həmin mövsümündə komanda aşağı dəstədə 7-ci yeri tutmuşdu. Komandaya o ərəfədə hazırda "Keşlə”də Tərlan Əhmədovun köməkçisi olan Mehman Babayev başçılıq edirdi.

Xəbər lenti