Xəzər Xəbər

Nikola Yurçeviç: “Son 180 dəqiqədə Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq”

İdman | 10:44 • 16 Oktyabr 2019
Nikola Yurçeviç: “Son 180 dəqiqədə Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq”

"Karyeram ərzində belə hakim qərarı ilə üzləşib-üzləşmədiyimi bilmirəm. Mənim oyunçum təmiz qol vurdu. Amma hakim dərhal əllə oyuna işarə etdi”.


Bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib.


Vətənində müsahibə verən xorvatiyalı mütəxəssis AVRO-2020-nin seçmə mərhələsinin Macarıstanla oyunundakı hakim haqsızlığından danışıb. O, yetirmələrinin 0:1 hesabı ilə uduzduğu görüşdə Bəhlul Mustafazadənin qolunun sayılmamasından gileylənib: "Sonradan hakim mənə səhvini etiraf etdi. O, gənc və yaxşı hakimdir. Mən də onun üzrxahlığını qəbul etdim. Hərçənd bu mənə lazım deyildi”.


N.Yurçeviç etiraf edib ki, bu qol Azərbaycan yığması üçün böyük əhəmiyyət daşımırdı: "Bu epizod bizim turnir cədvəli baxımından böyük əhəmiyyət kəsb etmirdi. Amma biz bunu istəyirdik və öz işimizlə layiq idik. Bu qol Xorvatiyaya da kömək edərdi. İndi isə hər şey daha çətin oldu. Lakin əminəm ki, Xorvatiya sonda lazım olanı edəcək və final mərhələsinə yüksələcək. Xorvatiya qrupun ən güclüsüdür”.


Xorvatiyalı mütəxəssis yığmanın çıxışına da toxunub: "Var qüvvəmizlə çalışacağıq. İlk xalımızı Xorvatiya ilə görüşdə qazanmışıq. Macarıstanla matçda da bizə xal lazım idi. Hər oyun bizim üçün yeni motivasiyadır. Son 180 dəqiqədə Uels və Slovakiyanı təəccübləndirməyə çalışacağıq. Dünya çempionatından sonra bütün komandalar Xorvatiyaya qarşı daha motivasiyalı və istəkli oynayırlar”. (APA)

Xəbər lenti