Xəzər Xəbər

“Dronun arxasınca qaçdım ki, o əski yerə enməsin” - Rəşad Sadıqov

İdman | 09:24 • 4 Oktyabr 2019
“Dronun arxasınca qaçdım ki, o əski yerə enməsin” -

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Düdelanj"a qalib gəldikləri oyundan sonra açıqlama verib.


Xezerxeber.az xəbər verir ki, təcrübəli müdafiəçi əvvəlcə oyun barədə fikirlərini açıqlayıb.


O deyib ki, həqiqətən də hesab gözlənilməz oldu: "Rəqib APOEL-ə səfərdə 4 qol vurub qələbə qazanmış komanda idi. Buna görə də oyuna çox ciddi hazırlaşmışdıq. Çalışdıq ki, ilk dəqiqələrdən istəkli, aqressiv oynayaq. Rəqib topla oynamağı bacaran komandadır. Əsas odur ki, qələbə qazandıq. Bu, bizim üçün çox önəmli idi".


Təcrübəli futbolçu meydanda baş verən erməni təxribatından da danışıb: "Gözlənilməz oldu. İkinci qoldan sonra gördüm ki, bizim qapının arxasından dron uçur, üstündə də əski var. Onun arxasınca qaçdım ki, o əski yerə enməsin. Bunu futbolçular arasında da danışdıq. Hakim yaxınlaşdı, dedim ki, bu yerə enməməlidir. Hakim də bizi başa düşdüyünü dedi. Bildirdi ki, meydandan çıxmalıyıq. Əvvəlcə buna razı olmadıq. Hakim anlayışlı idi, bizə qarşı sərt sanksiyalar tətbiq etmədi. Fasiləyə gedəndə də Lüksemburqun İdman naziri gəlib üzr istədi. Ona da bildirdim ki, bu, bizim üçün həssas məqamdır. Dron yenə qalxsa, biz oynamayacağıq. Legionerlərimiz də bu məsələyə həssas yanaşdılar. Fasilədən sonra aqressiv olmadan oynadıq və istəyimizə çatdıq".


Rəşad Sadıqov son olaraq "Qarabağ"ın qrupdan çıxıb-çıxmayacağı ilə bağlı sualı cavablandırıb: "Əgər həqiqətən də "Qarabağ"ı sevirlərsə, qrupdan çıxmaq barədə yox, qarşıdakı oyun barədə düşünsünlər. Hər bir oyuna final kimi yanaşmalıyıq. Əks halda bu, komandaya mənfi təsir göstərə bilər".


R.Sadıqov bir müddətdir nəyə görə oynamamasına da münasibət bildirib: "Uzun müddət idi ki, xəstə idim. Bilirsiz ki, Bakıda virus gəzir. Demək olar ki, bir çox məşqlərdən kənar qalmışdım. Qurban müəllimin əsas prinsiplərindən də biri odur ki, meydana buraxdığı oyunçu tam hazır olsun. Mənə də nə vaxt şans verdi, bundan istifadə etməyə çalışdım".


Xəbər lenti