Xəzər Xəbər

Mariya Stadnik dördüncü dəfə Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

İdman | 12:19 • 17 Sentyabr 2019
Mariya Stadnik dördüncü dəfə Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycan yığması 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.


Xezerxeber.az-ın məlumatına görə, qadın güləşçi Mariya Stadnik dördilliyin ən mötəbər turnirində çıxış hüququ əldə edib.


O, buna Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında nail olub. 50 kq çəki dərəcəsində yarımfinala vəsiqə qazanan M.Stadnik bununla da ilk "aıtılıq”da yerini təmin edib. Bu isə güləşçiyə Tokio-2020-yə vəsiqə verib.


Bu, onun karyerasında 4-cü Olimpiada olacaq. Pekin-2008-də bürünc mükafat qazanan güləşçi London-2012 və Rio-2016-da gümüş medala yiyələnib.


Dünya və yeddiqat Avropa çempionu 2020-ci ilin Olimpiya Oyunlarına vəsiqə qazanan ilk Azərbaycan güləşçisi olub. O, ölkəmizin ümumilikdə 3-cü lisenziyasının sahibidir. M.Stadnikə qədər iki idmançı bu hüquqa yiyələnib. Bunlar atletikanın çəkicatma növündə Anna Skidan və üzgüçü Maksim Şemberevdir.


Qeyd edək ki, XXXII Yay Olimpiya Oyunları 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçiriləcək.

Xəbər lenti