Xəzər Xəbər

Məmmədyarov dünya kubokunun növbəti mərhələsində qələbə qazandı

İdman | 11:04 • 14 Sentyabr 2019
Məmmədyarov dünya kubokunun növbəti mərhələsində qələbə qazandı

Xantı-Mansiyskdə şahmat üzrə dünya kuboku turnirinin otuzikidəbir final mərhələsinin ilk partiyaları oynanılıb.

Finalda Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov özbəkistanlı Rüstəm Qasımcanovu məğlub edərək aktivinə bir xal yazdırıb. Teymur Rəcəbov rusiyalı Sənan Syugirovla, Nicat Abbasov isə ABŞ təmsilçisi Leyner Dominquez Perezlə heç-heçə edib. Eltac Səfərli isə hindistanlı Sarin Nihala məğlub olub.

Sentyabrın 14-də şahmatçılarımız cavab oyunları keçiriəcək.

Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə məğlub olaraq mübarizəni dayandırıb.

Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.

Dünya kubokunun yarışları sentyabrın 10-dan oktyabrın 4-dək keçiriləcək. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.

Xəbər lenti