Xəzər Xəbər

Slovakiyalı baş məşqçi Azərbaycanı Ermənistandan güclü sayır

İdman | 10:05 • 6 Sentyabr 2019
Slovakiyalı baş məşqçi Azərbaycanı Ermənistandan güclü sayır

"Bakıya səfər uzun oldu. Amma problemsiz keçdi”.


Bunu Slovakiyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Adrian Qula deyib.


Təcrübəli mütəxəssis AVRO-2021-in seçmə mərhələsinin Azərbaycanla bu gün baş tutacaq qarşılaşması ərəfəsində fikirlərini açıqlayıb.


O bildirib ki, futbolçuları yaxşı motivasiyalıdır, oyuna kökləniblər: "Matça qədər olan saatlar ərzində də onlara kömək edə, daha yaxşı hazırlaya biləcəyik. Söhbət təkcə oyun fəlsəfəsindən getmir. Rəqibimiz olan Azərbaycan yığması texnikalı komandadır. Onlara meydanda boşluq versək, sonra bizə çətin olar. Ən önəmlisi odur ki, müdafiə və hücumda balanslaşmış oyun göstərək. Azərbaycan yığmasının oyunlarını izləmişik. Deməzdim ki, Azərbaycan yoxlama oyununda qarşılaşdığımız Ermənistanla eyni səviyyədədir. Bu dəfəki rəqibimiz güclüdür. Əsas bizim nə qədər fəal olmağımız və qələbə aclığımızdır. Lixtenşteyndə uduzan Azərbaycanla səfərdə oynamaq daha təhlükəlidir, nəinki Ermənistanla iyunda keçirdiyimiz matçda”.


Qeyd edək ki, "Dalğa Arena”da keçiriləcək Azərbaycan – Slovakiya oyunu saat 20:30-da başlayacaq. (APA)

Xəbər lenti