Xəzər Xəbər

“Neftçi” əlindən buraxdı, "Qarabağ" aldı

İdman | 17:44 • 3 İyul 2019
“Neftçi” əlindən buraxdı, "Qarabağ" aldı

Braziliyalı müdafiəçi tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq

"Qarabağ" yay fasiləsində ikinci transferinə hazırlaşır.

XəzərXəbər xəbər verir ki, bir müddətdir Ağdam təmsilçisi "Ştutqart"ın müdafiəçisi Ailton Silvanı heyətinə cəlb etmək üçün danışıq aparırdı. Artıq razılıq əldə olunub. Futbolçu bu gün klubun düşərgəsinə qoşulacaq. Braziliyalı müdafiəçi tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atacaq.

"Fluminense"nin yetirməsi olan Ailton daha əvvəl - 2015-2016 mövsümündə Azərbaycanda "Neftçi"nin (32 oyun, 3 qol) formasını geyinib. "Ağ-qaralar"dan ayrıldıqdan sonra Portuqaliyanın "Eştoril" (18 oyun) klubuna keçən müdafiəçi daha sonra Almaniyanın "Ştutqart"ına (5 oyun) transfer olunub. 2018-ci ilin yayında yenidən "Eştoril"ə icarəyə verilən futbolçu mövsümün ikinci yarısını isə Portuqaliyanın "Braqa"sında keçirib.

Xatırladaq ki, "Qarabağ" mövsümlərarası fasilədə ispaniyalı yarımmüdafiəçi Xayme Romeronu da heyətinə cəlb edib.

Xəbər lenti