Xəzər Xəbər

"Real" həkimlərin "yeriyə bilməyəcək" dediyi futbolçuya 48 milyon verdi

İdman | 12:19 • 26 İyun 2019
"Real" həkimlərin "yeriyə bilməyəcək" dediyi futbolçuya

"Real"ın bir neçə gün əvvəl "Lion"dan 48 milyon avroya transfer etdiyi Ferland Mendinin maraqlı həyat hekayəsi var.


24 yaşlı Seneqal əsilli fransalı futbolçu bir müddət əvvəl yeriməyə belə çətinlik çəkirdi. Lakin çox qısa zamanda özünə gələn sol cinah müdafiəçisi "Real" kimi böyük kluba transfer oluna bilib.


2004-cü ildə PSJ-nin akademiyasına seçilən Ferland 15 yaşında ağır zədə alıb və bir il yaşıl meydanlardan uzaq qalıb. Həkimlərin ona verdiyi xəbər isə daha ağır olub: "Bir daha əsla futbol oynaya bilməyəcəksən".




Yeriməyə belə çətinlik çəkən və əlil arabasında gəzən Mendi əvvəlcə əməliyyat olunub, ardınca uzun və ağır reablitasiya dövrü keçib. Bütün arzusu isə həkimlərin dediyinin əksinə ayağa qalxmaq və yenidən futbol oynamaq olub. Sonda buna nail olur.


2013-cü ildə PSJ-dən ayrılan Ferland Benjamin Mendt, Riyad Mahrez, Lass Diarra, Paul Poqba, Dimitri Payet, Stiv Mandanda, Pyer-Emerik Aubameyanq kimi ulduzları yetişdirən "Le Havr"a üz tutub. Və qısa zamanda istedadını ortaya qoya bilib.




Onun oyunu ilk olaraq "Lion" skautlarının diqqətini çəkib və 2017-ci ildə 5 milyon avroya bu kluba transfer olunaraq 5 illik müqavilə imzalayıb.


2017-ci ildə "Lion"un ÇSKA ilə oynadığı Avropa Liqası matçında o vaxtkı baş məşqçi Bruno Genesio sol cinah müdafiəçisi Fernando Marçalı meydandan çıxaraqa Mendini oyuna buraxması qalmaqala səbəb olmuşdu. Baş məşqçinin bu qərarına həddən artıq sərt reaksiya göstərən Marçal onun əlini sıxmaqdan belə imtina etmişdi. Bu olay Marçalın sonu olur və bir daha heyətə düşə bilmir.




Təbii ki, bu Mendi üçün böyük şans idi və o, bundan maksimum yararlanaraq əsas heyətin daimi üzvünə çevirilir. Nəticədə bir il sonra Fransa millisinə qədər yüksəlir. Bu yay isə dünyanın ən böyük klublarından birinə transfer olunur...


Fanat.Az

Xəbər lenti