Xəzər Xəbər

Doqquz yaşlı gimnast Mina Abbasova qızıl medal qazanıb

İdman | 14:11 • 15 İyun 2019
Doqquz yaşlı gimnast Mina Abbasova qızıl medal qazanıb

Macarıstanda yaşayan balaca həmyerlimiz doğma Vətənimizdə qələbə sevinci yaşayıb. Belə ki, iyun ayının 12-dən 15-dək Bakıda keçirilən "Gymkids kuboku 2019” bədii gimnastika üzrə 1-ci açıq beynəlxalq çempionatda 9 yaşlı Mina Abbasova fəxri kürsünün ən yüksən pilləsinə qalxıb.


AZƏRTAC xəbər verir ki, Rusiya, Belarus, Ukrayna, Qazaxıstan, Gürcüstan, Dağıstan, Macarıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin təmsilçilərinin iştirak etdikləri bu yarışda Macarıstanda yaşayan həmyerlimiz Mina Abbasova yenə də həmyaşıdları arasında fərqlənib. Müxtəlif yaş kateqoriyalarından olan 400-dən çox idmançının qatıldığı turnirdə o, 2010-cu il təvəllüdlü gimnastlar arasında qızıl medala sahib olub.


Qeyd edək ki, sayca 34-cü medalını (12 qızıl, 19 gümüş, 3 bürünc) doğma Bakıda qazanan Mina Abbasova müxtəlif beynəlxalq yarışların ən yüksək mükafatlarına layiq görülüb. O, 5 yaşından başlayaraq Macarıstanda fəaliyyət göstərən beynəlxalq dərəcəli hakim Lyubov Bernat və Inga Mackusun rəhbərlik etdiyi "Rus Rg Sport” klubunun üzvüdür. İştirak etdiyi bütün yarışlarda valideynlərinin işi ilə bağlı ezam olunduqları ölkəni – Macarıstanı təmsil etsə də, ötən ilin avqustundan etibarən Budapeştdə keçirilən XVII ənənəvi "Gracia” kuboku turnirindən sonra klub rəhbərliyinin icazəsi ilə Azərbaycan bayrağı altında çıxış edir.


Balaca gimnastımızın ən böyük arzusu ölkəmizi dünya çempionatlarında və Olimpiya Oyunlarında təmsil etmək və üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır.

Xəbər lenti