Xəzər Xəbər

David Luis: "Azərbaycan gözəl ölkədi"

İdman | 15:33 • 23 May 2019
David Luis: "Azərbaycan gözəl ölkədi"

"Bakıya vəsiqə qazanmaq üçün var gücümüzlə mübarizə apardıq. Bu, bizim əsas tapşırığımız idi”.


Bu sözləri "Çelsi”nin futbolçusu David Luis "Arsenal”la Bakıda keçirəcəkləri Avropa Liqasının finalı barədə danışarkən deyib.


32 yaşlı braziliyalı müdafiəçi "zadəganlar”ın Bakıdakı fanatlarının onları dəstəkləyəcəyini söyləyib: "Böyük klubuq və bütün dünyada azarkeşlərimiz var. Azərbaycandakı azarkeşlərimizin finalı canlı izləmək və komandanı dəstəkləmək imkanı olacaq. Titul qazanmaq imkanı bizi və "Arsenal”ı əla motivasiya edir. Böyük klubu təmsil edirsənsə, təzyiqdən heç yerdə gizlənə bilmərsən. "Çelsi” – nəhəngdir və təzyiq hiss edir. "Arsenal” da həmçinin. Titulu qazanmaq şansımız var. Təzyiqdən xoşun gəlmirsə, böyük klubda oynama”.


D.Luis bildirib ki, çox əla mövsüm keçiririblər. O, finalda qalib gələ bilməyəcəkləri təqdirdə, "Çelsi”dən qovulacağı gündəmdə olan baş məşqçi Mauritsio Sarriyə dəstək verib: "Çempionatda yaxşı başlamışıq və hər kəs deyirdi ki, Premyer Liqada qızıl medal uğrunda mübarizə aparacağıq. Ancaq sonradan eniş yaşandı. Liqa Kubokunun finalına çıxsaq da, orada penaltilər seriyasında "Mançester Siti”yə uduzduq. "Liverpul” və "Mançester Siti”nin ardınca Çempionlar Liqasına vəsiqə qazandıq. İndi isə bizi Avropa Liqasının finalı gözləyir. Finalda hər şey ola bilər. Ancaq istənilən halda, baş məşqçimiz yaxşı iş gördü. Baş məşqçimiz öz fəlsəfəsini, düşüncə və oyuna baxışını bizə öyrətməyə çalışır. Bu, onun işinin bir hissəsidir. O, futbolu necə gördüyünü göstərməlidir. Hər şeyi bildiyini fikirləşirsənsə, səni böyük məyusluq gözləyir. Hər gün öyrənməli və mükəmmələşməyə çalışmalıyıq”.

O, Avropa Liqasının finalında qarşılaşacaqları "Arsenal"ın futbolçusu Henrik Mxitaryanın Bakıya gətirilməməyinə də münasibət bildirib: "Futbol siyasət deyil. Verilən qərarlara da hörmətlə yanaşmaq lazımdır. "Qarabağ”a qarşı oynayan zaman Azərbaycanda olmaq imkanım oldu. Ora gözəl ölkədir”.


Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçı saat 23:00-da başlayacaq.


Fanat.Az

Xəbər lenti