Xəzər Xəbər

Mahir Mədətovdan ailəsi və gələcəyi ilə bağlı VACİB SÖZLƏR - MÜSAHİBƏ

İdman | 16:53 • 12 May 2019
Mahir Mədətovdan ailəsi və gələcəyi ilə bağlı

"Qarabağ"ın futbolçusu, son ölkə çempionu Mahir Mədətov ailəsində baş verənlərlə bağlı danışıb.

XəzərXəbər xəbər verir ki, Report-a müsahibəsində Mahir yeni mövsümdən etibarən ölkədən gedə biləcəyini də əlavə edib.

Qış fasiləsindən sonra oyununuzda irəliləyişlər nə ilə əlaqədardır?

- Ailə problemlərim artıq heç kimə sirr deyil. Hər şeyin başında bu durur. Sadəcə, gördüm ki, iş burdadır, ailə burdadır. Tənzimləmək istəyirdim. Amma gördüm ki, həm ordan, həm də burdan oluram. Kapitanımız Rəşad Sadıqova və baş məşqçimiz Qurban Qurbanova bu haqda danışdım. Onlar da dəstək olduqdan sonra oyunumda artıma nail oldum.

Mövzudan söz düşmüşkən, sosial şəbəkələrdə paylaşılan şəxsiyyət vəsiqəsi sizə məxsusdur?

- Bəli. Babamın adı Emrelini özümə soyad götürmüşəm. Bu, anamın soyadı deyil. Babam yarı avar, yarı azərbaycanlı olub. Ailəmizdə bu soyad bir dayım oğlunda, bir də məndədir.

Bu problem gələcək karyeranıza psixoloji təsir göstərməyəcək?

- Xeyr. Mənim vəzifəm anamın, bacımın yanında olmaq idi. Bundan sonra da belə olacaq. Onlara sahib çıxmalıyam. Sadəcə, hər şey ani olduğu üçün şok keçirdim.

Adətən, belə problemlər olduqda futbolçuda eniş baş verir. Amma sizdə bu cür hal müşahidə olunmadı...

- Eniş getsəydi, anam və bacım çox pis olardılar. Gözlərini mənə dikiblər, onlar üçün çox vacibəm. Eləcə də onlar mənim üçün. Çalışıram ki, öz işimlə onları da sevindirim.

Qızıl medalı da onlara həsr edirsiniz?

- Hər şeyi. Çempionluğu da, bombardirliyimi də.

Gələcək mövsüm formanızda "Emreli" yazılacaq?

- Xeyr, Mahir. Artıq soyad məsələsini unudaq.

Mövsümün gedişində Yunanıstan AEK-inə keçəcəyinizə dair xəbərlər yayılmışdı...

- Bunu yeni mövsümdə görəcəyik. Ola bilər ki, xaricə üz tutum. Avropada yaxşı klub, oynaya biləcəyim yer olsa, can-başla gedərəm. AEK isə məni hələ "Kopenhagen"ə qalib gələrək, Çempionlar Liqasına vəsiqə qazandığımız vaxt istəyirdilər. Son olaraq, rəsmi təklif göndərdikləri vaxt mövsümün ikinci hissəsinə 3 gün qalırdı, "Neftçi" ilə oyuna hazırlaşırdıq. Hələ "Qarabağ"la 1 illik müqaviləm var. Ən böyük problem transfer haqqıdır.

Sizcə, AEK lazımi məbləği verməz?

- Verər. Sadəcə, fikirləşirlər ki, Azərbaycan çempionatıdır. Amma bir nüans da var ki, Avropada nadir hallarda eyni klub ard-arda 5 il avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanır. "Qarabağ" kiçik yox, hörmətə layiq klubdur. Ona görə də klubumun məndən ötrü transfer məbləği istəməyə tam haqqı çatır.

Son oyunlarda "Qarabağ"ın lideri kimi görünürdünüz...

- Bunu hiss etmisinizsə, nə xoş halıma.

Xəbər lenti