Xəzər Xəbər

Bu gün “Qarabağ” ardıcıl 6-ci dəfə Azərbaycan çempionu ola bilər

İdman | 12:59 • 5 May 2019
Bu gün “Qarabağ” ardıcıl 6-ci dəfə Azərbaycan çempionu ola bilər

Bu gün futbol üzrə Topaz Premyer Liqasının XXVII turuna start veriləcək.


Baş tutacaq matçlardan sonra çempion, gümüş və bürünc medalın sahibi, eləcə də sonuncu yeri tutacaq komandalar müəyyənləşə bilər. Bunun üçün bir sıra uyğun nəticələr qeydə alınmalıdır.


"Qarabağ”ın ardıcıl 6-cı çempionluq üçün taleyi öz əlindədir. Ağdam təmsilçisi evdə "Səbail”i məğlub edəcəyi halda qızıl medalları təmin edəcək. Əyalət təmsilçisi qalib gəlməyəcəyi təqdirdə də birinci ola bilər. Bunun üçün ən yaxın izləyici "Neftçi”nin Qəbələdə xal itirməsi lazımdır. Çünki liderin 60, "ağ-qaralar”ın isə 55 xalı var. Bakılılar səfərdə 3 xal əldə etsələr, çempion son turda "Neftçi” və "Qarabağ” arasında keçiriləcək qarşılaşmada bilinəcək. Bu iki oyun gümüş və bürünc medalın sahiblərinin bəlli olması baxımından da önəmlidir. Hazırda "Səbail” 41 xalla 3-cü, "Qəbələ” isə 36 xalla 4-cü sıradadır. Bu isə o deməkdir ki, "qırmızı-qaralar” "Neftçi”yə qalib gəlməsələr, mükafatçılar sırasına düşmək şansını itirəcəklər.


Günün digər iki oyunu isə sonuncu yeri tutacaq komandanın dəqiqləşməsi baxımından önəmlidir. Hazırda 20 xalla axırıncı yerdə gedən "Keşlə” 5 xal və 2 pillə geri qaldığı "Zirə”ni qəbul edəcək. Qonaqlar uduzmayacaqları təqdirdə, elitadakı yerlərini qoruyacaqlar. Ancaq meydan sahibləri qalib gəlməyə çalışmalıdırlar. Çünki bunu bacarmasalar, turun son matçında 23 xalla 7-ci sıradakı "Sumqayıt” öz meydanında 27 xalla 5-ci olan "Sabah”ı udmaqla işi bitirə bilər.


Qeyd edək ki, "Keşlə” – "Zirə” oyunu saat 17:00-da, "Qəbələ” – "Neftçi”, "Qarabağ” – "Səbail” saat 18:00-da, "Sumqayıt” – "Sabah” saat 20:00-da başlayacaq. (AZƏRTAC)

Xəbər lenti