Xəzər Xəbər

Mxitaryan mayın 29-da Bakı Olimpiya Stadionunda... UEFA-dan DƏSTƏK

İdman | 10:46 • 17 Aprel 2019
Mxitaryan mayın 29-da Bakı Olimpiya Stadionunda...

"Arsenal" Avropa Liqasında finala vəsiqə qazansa, UEFA London klubunun erməni futbolçusu Henrik Mxitaryanın Bakıya səfəri üçün viza alınmasında İngiltərə təmsilçisinə tam dəstək verəcək.

XəzərXəbər Qol.az-a istinadən xəbər verir ki, bu barədə ESPN nəşri məlumat yayıb. İddiaya görə, qitə futbol qurumunun rəsmiləri 30 yaşlı yarımmüdafiəçinin mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək həlledici qarşılaşma üçün Azərbaycana gəlməsində hər hansı problem olmayacağını düşünürlər. UEFA-nın bunun həlli üçün bütün səylərini səfərbər edəcəyi bildirilir.

Qurumdan verilən açıqlamada məsələyə bu cür aydınlıq gətirilib: "Bu, UEFA üçün standart prosedurdur ki, futbolçuların qurumun bayrağı altında keçirilən oyunlarda iştirakını təmin etmək üçün assosasiyalara, klublara və ya səfirliklərə məktub göndərilir".

Avroliqanın 1/4 final mərhələsinin ilk oyununda Londonda "Napoli"ni 2:0 hesabı ilə məğlub edən "Arsenal" bu gün səfərdə cavab matçına çıxacaq. "Topçular" mərhələni keçsələr, yarımfinalda "Vilyarreal" - "Valensiya" cütünün qalibi ilə qarşılaşacaqlar.

Xatırladaq ki, Mxitaryan bundan əvvəl 2 dəfə - 2015-ci ildə hələ Dortmund "Borussiya"sında çıxış edərkən "Qəbələ", ötən il isə "Qarabağ"la oyunlar üçün Bakıya gələ bilərdi. Ancaq futbolçu təhlükəsizliyi səbəbindən paytaxtımızdakı matçları buraxmalı olmuşdu.

Xəbər lenti