Xəzər Xəbər

“Liverpul” “Bavariya”nı məğlub edib

İdman | 09:14 • 14 Mart 2019
“Liverpul” “Bavariya”nı məğlub edib

UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin növbəti oyunu keçirilib.


Xezerxeber.az xəbər verir ki, "Allianz Arena” stadionunda baş tutan görüşdə Almaniyanın "Bavariya” komandası doğma azarkeşlər önündə İngiltərənin "Liverpul” komandasını qəbul edib.


Bu komandaların arasında ilk görüş qolsuz heç-heçə ilə başa çatmışdı.


Gərgin idman mübarizəsi şəraitində keçən cavab qarşılaşmasında hesabı "Liverpul” açıb. Sadio Mane müdafiəçilərin səhvini bağışlamayıb - 0:1. İngilislər 13-cü dəqiqədə məcburi əvəzləmə aparıblar. Belə ki, komandanın kapitanı Jordan Henderson zədələndiyi üçün oyunu sona kimi davam etdirə bilməyib.


Qoldan sonra irəli atılan meydan sahibləri matçın 39-cu dəqiqəsində hesaba tarazlıq gətiriblər. Joao Matip öz qapısına qol vuraraq avtoqola imza atıb - 1:1. Birinci hissə bu hesabla başa çatıb.


İkinci hissəsinin 69-cu dəqiqəsində qonaqlar yenidən hesabda önə keçib. Belə ki, Ceyms Milnerin künc ötürməsini komandanın müdafiəçisi Virjil van Diyk dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:2. Bu da oyunda son qol olmayıb. Sadio Mane qarşılaşmada dubl edərək komandasının dörddəbir finala yüksəlməsində həlledici rol oynayıb - 1:3.


Sonrakı dəqiqələrdə komandaların cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Beləliklə, bu qələbə sayəsində "Liverpul” dörddəbir final mərhələsinə vəsiqə qazanıb.


Onların növbəti rəqibi martın 15-də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimindən sonra bəlli olacaq.

Xəbər lenti