Xəzər Xəbər

İstanbul derbisində qalib müəyyənləşməyib

İdman | 09:32 • 26 Fevral 2019
İstanbul derbisində qalib müəyyənləşməyib

Fevralın 25-də futbol üzrə Türkiyə Superliqasının XXIII turunun yekun oyununda İstanbul derbisi baş tutub. "Beşiktaş” doğma meydanda "Fənərbaxça” ilə qarşılaşıb.


Xezerxeber.az xəbər verir ki, "Vodafon Park” stadionunda baş tutan görüş qarşılıqlı hücumlar şəraitində keçib.


Qarşılaşmanın 10-cu dəqiqəsində meydan sahiblərinin müdafiəçisi Gökhan Gönül hesabı açıb – 1:0. Görüşün 18-ci dəqiqəsində qonaqların qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini Burak Yılmaz dəqiq yerinə yetirib – 2:0. Burak Yılmaz 45-dəqiqədə özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. İlk hissə 3:0 hesabı ilə "Beşiktaş”ın xeyrinə bitib.


İkinci hissədə qonaqlar sürəti artıraraq 55-ci dəqiqədə Miha Zayçın vurduğu qolla hesab arasındakı fərqi azaldıb – 3:1. "Fənərbaxça”nın müdafiəçisi Sadiq Ciftpınar 62-ci dəqiqədə fərqlənib – 3:2. Oyunda son nöqtəni isə qonaqların müdafiəçisi Həsən Əli Kaldırım qoyub – 3:3. Beləliklə İstanbul derbisində qalib müəyyənləşməyib. Bərabərlik nəticəsində "Fənərbaxça” turnir cədvəlində xallarının sayını 25-ə çatdıraraq 14-cü pilləyə yüksəlib.


"Beşiktaş” isə 3 xalı qazana bilmədiyi üçün turnir cədvəlində 40 xalla 3-cü yerdədir.


XXIII turun yekun nəticələrinə görə "Başakşəhər” 51-xalla birinci, "Qalatasaray” isə 45 xalla ikincidir.

Xəbər lenti