Xəzər Xəbər

Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək - Bu gün

İdman | 10:15 • 23 Fevral 2019
Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək - Bu gün

Həftənin açılış qarşılaşması Qəbələdə olacaq.

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start veriləcək.

İlk oyun günündə iki matç baş tutacaq. Həftənin açılış qarşılaşması Qəbələdə olacaq. Şəhərin eyni adlı təmsilçisi "Keşlə”ni qəbul edəcək. Qonaqlar ötən tur evdə "Sumqayıt”ı 2:1 hesabı ilə məğlub etməklə qış fasiləsindən sonra ilk qələbələrini qazanıblar və son pillədən qurtulublar. Ancaq 15 xalla 6-cı sırada olan paytaxt klubu sonuncu yerdəki "Zirə”ni cəmi 1 xal qabaqlayır. "Qəbələ” isə 23 xalla 4-cü mövqedədir.

"Qəbələ” və "Keşlə” indiyə qədər ölkə çempionatlarında 42 dəfə qarşılaşıblar. "Qırmızı-qaralar” bunlardan 12-də qalib gəldikləri halda, 14-də uduzublar. Əyalət təmsilçisi bu rəqiblə son 9 oyunda meydanı qolsuz tərk etməyib. Son 4 görüşdə hər iki komanda qol vurub. "Keşlə” 13 matçdır "Qəbələ”yə qalib gələ bilmir.

Bu kollektivlərin ilk dövrədə Qəbələdə baş tutan duelində heç-heçə qeydə alınıb – 1:1. Bakıdakı görüşdə isə qonaqlar 2:1 hesabı ilə qalib gəliblər.

Günün digər oyununda debütant "Sabah” çempion "Qarabağ”ı qəbul edəcək. Hazırda 20 xalla 5-ci yerdəki meydan sahibləri son 2 matçda uduzublar. Qonaqlar isə əksinə, qış fasiləsindən sonra yalnız 38 xalla lider olan "Neftçi” ilə 1:1-lik heç-heçə etməklə xal itiriblər. Ağdam təmsilçisi 37 xalla 2-ci sıradadır.

İlk dövrədəki qarşılaşmalarda eyni sayda – 2 top vurulub. "Qarabağ” səfərdə 2:0 hesabı ilə qalib gəldiyi halda, evdə debütantın müqavimətini qıra bilməyib – 1:1. (Report)

Azərbaycan Premyer Liqası

XVIII tur

23 fevral (şənbə)

14:00. "Qəbələ” – "Keşlə”

Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rəhim Həsənov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Seymur Səlimli

Qəbələ şəhər stadionu

İlk iki dövrə - 1:1, 2:1

16:30. "Sabah” – "Qarabağ”

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Əli Cəbrayılov, Rauf Allahverdiyev

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Asif Əliyev

"Əlincə Arena”

İlk iki dövrə - 0:2, 1:1

Xəbər lenti