Xəzər Xəbər

“Keşlə” “Sumqayıt”ı məğlub edib

İdman | 17:45 • 16 Fevral 2019
“Keşlə” “Sumqayıt”ı məğlub edib

Fevralın 16-da Azərbaycan Premyer Liqasının XVII turuna start verilib.


Xezerxeber.az xəbər verir ki, turun açılış matçında "Keşlə” doğma azarkeşlər önündə "Sumqayıt” komandasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə hesabı meydan sahibləri açıblar. Oyunun 28-ci dəqiqəsində bakılıların hücumçusu Amil Yunanov fərdi ustalığı sayəsində iki müdafiəçini keçərək uzaq küncü dəqiq nişan alıb - 1:0.


Sumqayıt təmsilçisi matçın ikinci hissəsində hesabı bərabərləşdirib. Matçın 73-cü dəqiqəsində Elvin Məmmədovun cinah ötürməsini Əfran İsmayilov dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:1.


Lakin meydan sahibləri oyunun sonunda qələbə topunu vurmağa nail olublar. Qarşılaşmanın əsas hissəsinə əlavə edilmiş vaxtın 3-cü dəqiqəsində "Sumqayıt” klubunun müdafiəçiləri cərimə meydançası daxilində Amil Yunanovun qarşısını alarkən qayda pozuntusuna yol veriblər. Baş hakim Rauf Allahverdiyev sumqayıtlıların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Nikola Mitroviç fürsəti əldən verməyərək komandasının qələbə qolunu vurub - 2:1.


Bu qələbədən sonra xalların sayini 15-ə çatdıran "Keşlə” turnir cədvəlində altıncı pilləyə yüksəlib. Eyni xala malik "Sumqayıt” isə yeddinci sıraya geriləyib.

Xəbər lenti