Xəzər Xəbər

Bu gün Azərbaycan Premyer Liqasının 17-ci turuna start veriləcək

İdman | 11:48 • 16 Fevral 2019
Bu gün Azərbaycan Premyer Liqasının 17-ci turuna start veriləcək

Fevralın 16-da Azərbaycan Premyer Liqasının 17-ci turuna start veriləcək.


Xezerxeber.az xəbər verir ki, turun oyunları iki günü əhatə edəcək. Tura 15:00-da başlayacaq "Keşlə”–"Sumqayıt” oyunu ilə start veriləcək. Qarşılaşmanı Rauf Cabbarov idarə edəcək.


On yeddinci turun birinci gününə saat 17:30-da oynanılacaq "Zirə” – "Neftçi” matçı ilə yekun vurulacaq. Görüşünün baş hakimi Səbuhi Bayramov olacaq.


Fevralın 17-də saat 15:00-da "Səbail” klubu debütant "Sabah” komandasını qəbul edəcək. Matçın idarə olunması Rəvan Həmzəzadəyə həvalə edilib.


Turun sonuncu və mərkəzi qarşılaşması Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq. Sonuncu çempion "Qarabağ” komandası "Qəbələ” klubunu qəbul edəcək. Saat 17:30-da start götürəcək oyunda baş hakim funksiyasını Rəhim Həsənov yerinə yetirəcək.


Turun bütün görüşləri "CBC Sport” televiziyası ilə birbaşa yayımlanacaq.


Qeyd edək ki, 16 turdan sonra turnir cədvəlinə 37 xalla "Neftçi” klubu başçılıq edir. Ağdamın "Qarabağ” klubu 34 xalla ikinci, aktivində 24 xal olan "Səbail” üçüncü yerdədir. Digər pillələrdə isə müvafiq olaraq, "Qəbələ” (23), "Sabah” (20), "Sumqayıt” (15), "Zirə” (13) və "Keşlə” (12) qərarlaşıblar.

Xəbər lenti