Xəzər Xəbər

İngiltərə Premyer Liqasının 22-ci turun oyunları keçirilib - NƏTİCƏLƏR

İdman | 09:31 • 13 Yanvar 2019
İngiltərə Premyer Liqasının 22-ci turun oyunları keçirilib -

Yanvarın 12-də İngiltərə Premyer Liqasının 22-ci turun oyunları keçirilib.


Xezerxeber.az xəbər verir ki, iki oyunda qələbə qazana bilməyən "Çelsi" doğma azarkeşlər önündə "Nyukasl" komandasını qəbul edib. "Stenford Bric" stadionunda keçirilən görüşdə hesabı meydan sahibləri 9-cu dəqiqədə açıb. Londonluların mərkəz müdafiəçisi David Luizin ötürməsi nəticəsində qapıçı ilə təkbətək çıxan Pedro oyunda ilk qola imza atıb. Matçın 27-ci dəqiqəsində "Çelsi"nin əsas qol silahı sayılan Eden Hazardın uzaq məsafədən vurduğu zərbə qapı tirinə dəyib.


Qarşılaşmanın 40-cı dəqiqəsində meydan sahiblərini əks-hücumda yaxalayan qonaqlar hesabı bərabərləşdirib. Mat Ritçinin cinah ötürməsini Ciaran Klark dəqiq zərbə ilə tamamlayıb - 1:1.


Görüşün ikinci hissəsində hücumların kəsərin artıran "Çelsi" 57-ci dəqiqədə qələbə topunu vurmağa nail olub. Vilyam adını tabloya yazdırıb - 2:1. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.


Turnir cədvəlin lideri "Liverpul" səfərdə "Brayton" komandasını 0:1 hesabı ilə məğlub edib. Komandaya qələbəni misirli futbolçu Məhəmməd Salahın 50-ci dəqiqədə penalti zərbəsindən vurduğu qol qazandırıb.


Turun gözlənilməz hesabı isə London stadionunda qeydə alınıb. Premyer Liqanın iddialı klublarından sayılan "Arsenal" səfərdə "Vest Ham" komandasına məğlub olub (1:0).


Turun digər oyunlarında qeydə alınan nəticələr:


"Börnli" - "Fulhem" - 2:1;


"Kardif Siti" - "Haddersfild" - 0:0;


"Kristal Palas" - "Votford" - 1:2;


"Lester Siti" - "Southempton" - 1:2;


İngiltərə Premyer Liqasının 22-ci turuna yanvarın 13-də "Everton"-"Bormunt", "Tottenhem"-"Mançester Yunayted", yanvarın 14-də isə "Mançester Siti"-"Volverhempton" qarşılaşmaları ilə yekun vurulacaq.


Hazırda 22 oyundan 57 xal toplayan "Liverpul" turnir cədvəlinin birinci pilləsini tutur. Onun ən yaxın izləyicisi "Mançester Siti"nin isə 21 oyundan sonra 50 xalı var.

Xəbər lenti