Xəzər Xəbər

FIFA referimiz Elçin Səmədli hakimlik karyerasını başa vurub

İdman | 18:59 • 13 Dekabr 2018
FIFA referimiz Elçin Səmədli hakimlik karyerasını başa vurub

Dekabrın 13-də futzal üzrə Yüksək Liqada XIII turun oyunları keçirilib.


Xezerxeber.az xəbər verir ki, turun "Neftçi”–EKOL oyunundan əvvəl AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik, komitənin departament rəhbəri Cavid Cəlilov, Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Rəmiş Malıyev, oyunun hakim-inspektoru Murad Məmmədov, EKOL komandasının rəhbərliyi FIFA referisi Elçin Səmədliyə hakimlik karyerasını başa vurması ilə əlaqədar təşəkkürnamə və xatirə hədiyyələri təqdim ediblər.


Elçin Səmədli 2003-cü ildən hakimlik fəaliyyətinə başlayıb. Müxtəlif liqalarda oyunlar idarə edən referi 2006/2007-ci illərdə Premyer Liqa matçlarına təyinat alıb. 2007-ci ilin ikinci yarısından sırf futzal hakimi kimi fəaliyyət göstərən E.Səmədli 2008-2018-ci illərdə futzal üzrə FIFA referisi olub.


İndiyədək futzal üzrə ölkə çempionatının müxtəlif liqalarında, eləcə də Azərbaycan kuboku yarışında 1150-dən çox oyun idarə etmiş referi FIFA və UEFA-nın 83 rəsmi oyununa təyinat alıb. E.Səmədli UEFA-nın I kateqoriyasına qədər yüksəlməyi bacarıb.

Xəbər lenti