Xəzər Xəbər

“Lester”in stadionuna klubun həlak olmuş sahibinin adı verilə bilər

İdman | 17:15 • 30 Oktyabr 2018
“Lester”in stadionuna klubun həlak olmuş sahibinin adı verilə bilər

İngiltərənin "Lester” futbol klubu öz stadionuna bu yaxınlarda həlak olmuş sahibi Vicay Srivaddxanaprabhinin adını vermək məsələsini müzakirə edir.


AZƏRTAC Britaniya KİV-lərinə istinadla xəbər verir ki, şənbə günü axşam beş nəfər, o cümlədən "Lester”in sahibi komandanın "King Power” stadionunun yaxınlığında baş vermiş helikopter qəzasında həlak olublar.


Milyarderin oğlu, klubun vitse-prezidenti Ayyavat hazırda Lester şəhərindədir və atasının xatirəsinin əbədiləşdirilməsi üçün danışıqlar aparır. O, habelə "King Power Group” şirkətinin rəhbərliyində təmsil olunan bir sıra şəxslər stadionun "Kun Vicay” adlandırılmasını təklif ediblər. Həmçinin, 100 milyon dollar dəyərində olan futbol təlim mərkəzinə də Vicay Srivaddxanaprabhinin adını vermək nəzərdə tutulur.


Tailandın ən varlı adamlarından biri olan Srivaddxanaprabhi "Lester” klubunu 2010-cu ildə 39 milyon funt sterlinqə əldə edib və növbəti il klubun idarə heyətinin sədri olduqdan sonra, ekspertlərin rəyinə görə, "Lester”in dəyəri 10 dəfə artıb. Mərhum biznesmenin sərvəti təqribən 5 milyard dollardır.

Xəbər lenti