Xəzər Xəbər

"Beşiktaş" “Göztəpə”yə məğlub olub

İdman | 09:26 • 22 Oktyabr 2018
"Beşiktaş" “Göztəpə”yə məğlub olub

Oktyabrın 21-də futbol üzrə Türkiyə Superliqasının IX turunun növbəti görüşündə dördüncü sıradakı "Beşiktaş” səfərdə "Göztəpə” ilə qarşılaşıb.


Xezerxeber.az xəbər verir ki, oyunun 20-ci dəqiqəsində İstanbul komandası hesabı açmağa yaxın olub. Lakin "Beşiktaş” rəqib qapısına təyin olunan penalti zərbəsindən istifadə edə bilməyib. Qonaq komandanın futbolçusu Oğuzhan Özyakupun zərbəsini qapıçı dəf edib.


Görüşün 51-ci dəqiqəsində ev sahiblərinin ingiltərəli futbolçusu Kameron Jeromenin vurduğu qolla hesab açılıb. Bundan doqquz dəqiqə sonra "Göztəpə”in braziliyalı oyunçusu Vallas Reis komandasının ikinci qolunu "qara qartallar"ın qapısına vurub. Oyunda başqa qol olmayıb və "Beşiktaş”ın qapısından iki cavabsız top keçirən "Göztəpə” qarşılaşmada qalib gəlib.


Beləliklə, bu məğlubiyyətdən sonra Şenol Günəşin yetirmələri çempionatda vacib xallar itirib və turnir cədvəlində beşinci sıraya enib.


"Qara qartallar"ın Türkiyə Superliqasında lider "Qalatasaray"la arasındakı xal fərqi də dördə yüksəlib.


Oktyabrın 19-da oynanılan "Qalatasaray” - "Bursaspor” (1:1) və dünən keçirilən "Sivasspor”- "Fənərbağça” matçlarında qalib müəyyənləşməyib - 0:0.


Turun dünən oynanılan digər görüşlərində ikinci sıradakı "Başakşəhər” komandası "Kayserispor”u 1:0, üçüncü yerdəki "Kasımpaşa” isə "Akhisarspor”u 5:0 hesabı ilə məğlub edib.


Hazırda hesabında 19 xal olan "Qalatasaray” çempionatda liderliyini davam etdirir. Turnir cədvəlində "Başakşəhər” və "Kasımpaşa” komandaları 18 xalla ikinci, üçüncü yerləri bölüşürlər. "Antalyaspor" 16 xala dördüncü, "Beşiktaş” isə 15 xalla beşinci yeri tutur.

Xəbər lenti

Çox oxunanlar