Xəzər Xəbər

“Qarabağ” “Qəbələ”yə böyük hesabla qalib gəlib

İdman | 09:09 • 24 Sentyabr 2018
“Qarabağ” “Qəbələ”yə böyük hesabla qalib gəlib

Sentyabrın 23-də Topaz Premyer Liqasının beşinci turuna yekun vurulub.


Xezerxeber.az xəbər verir ki, turun mərkəzi qarşılaşması "Azərsun Arena”da iki əzəli rəqib – "Qarabağ” və "Qəbələ” klubları arasında oynanılıb.


Matçda hesabı ağdamlılar açıblar. Qarşılaşmanın 31-ci dəqiqəsində Abdullah Zubir adını tabloya yazdırıb - 1:0. Fasiləyə qədər Qurban Qurbanovun yetirmələri hesab arasındaki fərqi iki topa çatdırıblar. Matçın 45-ci dəqiqəsində Araz Abdullayev uzaq məsafədən baxımlı qola imza atıb - 2:0.


Oyunun ikinci hissəsində Ağdam klubu üçüncü topu rəqibin qapısından keçirdib. Bu dəfə Con Delarj fərdi ustalığı sayəsində iki müdafiəçini keçərək qapıçı ilə təkbətək çıxıb və hesabı 3:0 edib. Qarşılaşmanın 72-ci dəqiqəsində "Qarabağ” klubu rəqibi yenidən meydanın mərkəzinə dəvət edib. Abdullah Zubir özünün ikinci, komandasının isə dördüncü topunu vurub. Oyunun əsas vaxtının başa çatmasında bir dəqiq qalmış "Qəbələ” təsəlli qolunu vurmağa nail olub. Təmkin Xəlilzadənin künc ötürməsini Rasim Ramaldanov dəqiq baş zərbəsi ilə tamamlayıb.


Beləliklə, "Qarabağ” Topaz Premyer Liqasında növbəti qələbəsini qazanaraq xalını 10-a yüksəldib.


Turun bu gün keçirilən digər oyununda "Keşlə” doğma meydanda "Sumqayıt” klubuna məğlub olub (1:2). "Sumqayıt” klubunun heyətində Cavid Tağıyev və Əfran İsmayılov fərqləniblər. Meydan sahiblərinin yeganə qolunu isə Slavik Alxasov vurub.


Beş turdan sonra turnir cədvəlinə 13 xalı olan "Neftçi” klubu başçılıq edir. Aktivlərində 10 xalı olan son çempion "Qarabağ" və debütant "Sabah” klubları ikinci və üçüncü yerləri bölüşürlər. Digər pillələrdə isə müvafiq olaraq "Sumqayıt” (7), "Səbail” (5), "Qəbələ” (4), "Zirə” (2) və "Keşlə” (1) qərarlaşıblar.

Xəbər lenti