Xəzər Xəbər

UEFA Çempionlar Liqasının ən yaxşı qolu seçilib

İdman | 14:34 • 23 Sentyabr 2018
UEFA Çempionlar Liqasının ən yaxşı qolu seçilib

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin birinci turunun ən yaxşı qolu seçilib.


AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, İtaliyanın "İnter” klubunun hücumçusu Mauro İkardinin doğma meydanda "Tottenhem” komandasının qapısına vurduğu top azarkeşlər arasında keçirilən sorğunun nəticəsində həftənin ən yaxşı qolu seçilib. Argentinalı futbolçunun matçın 86-ci dəqiqəsində vurduğu qol sorğu iştirakçılarının 42 faizinin səsini toplayıb.


İspaniyanın "Barselona” klubunun hücumçusu Osman Dembelenin "PSV” ilə matçın 75-ci dəqiqəsində vurduğu qol 27 faiz səslə ikinci olub.


Üçüncü yerdə isə "Real Madrid”in gənc hücumçusu Mariano Diazın "Roma”ya vurduğu qol olub. Bu qol 18 faiz səs toplayıb.


Həmçinin UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.


Azarkeşlər arasında keçirilən səsverməyə əsasən, "Barselona”nın hücumçusu Lionel Messi ən yaxşı oyunçu seçilib. Argentinalı futbolçu "Liverpul” klubunun yarımmüdafiəçisi Ceyms Milneri, "Lion”nun hücumçusu Nabil Ferkiri və "Mançester Yunayted” komandasının yarımmüdafiəçisi Pol Pogbanı qabaqlayıb.


Qeyd edək ki, "Barselona”nın Hollandiyanın "PSV” klubuna 4:0 hesabı ilə qalib gəldiyi görüşdə Messi üç qol vurub.

Xəbər lenti