Xəzər Xəbər

Dünya şahmatının reytinq cədvəli açıqlandı: Biz neçənciyik?

İdman | 10:36 • 3 Sentyabr 2018
Dünya şahmatının reytinq cədvəli açıqlandı:

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2018-ci ilin sentyabr ayına olan reytinq cədvəlini yayımlayıb. Bu cədvəl klassik, sürətli və blits şahmat üzrə siyahılarla təqdim olunub.

XəzərXəbər "chess.com” saytına istinadən xəbər verir ki, FİDE-nin yeni reytinq cədvəlindəki hər üç siyahıda Azərbaycanı təmsil edən iştirakçılar yer tutublar.

Belə ki, FİDE-nin sentyabr ayına olan klassik şahmat üzrə reytinq siyahısında Şəhriyar Məmmədyarov 2.820 xalla 3-cü, Teymur Rəcəbov 2.751 xalla 17-ci, Arkadi Naydiç 2.721 xalla 28-ci və Rauf Məmmədov 2.699 xalla 46-cı yerdə qərarlaşıb.

Sürətli şahmat üzrə oyunçuların reytinq cədvəlində isə Azərbaycan qrossmeysteri Ş.Məmmədyarov 2.794 xalla 7-ci yer, Teymur Rəcəbov 2.738 xalla 23-cü yer, Rauf Məmmədov isə 2.733 xalla 28-ci yerdə məskunlaşıb.

Blits cədvəlində də Azərbaycan oyunçuları təmsil olunurlar. Onlardan Ş.Məmmədyarov 2.808 xalla 9-cu yer, R.Məmmədov 2.745, T.Rəcəbov isə 2.743 xalla ardıcıl olaraq 24 və 25-ci yerləri tutublar.
Hər üç siyahıya liderliyi isə uzun illərdir bu yerdə qərarlaşmış Norveç təmsilçisi Maqnus Karlsen edir.

Qeyd edək ki, FİDE-nin klassik şahmat üzrə qadın oyunçuların reytinq cədvəlində Azərbaycandan Günay Məmmədzadə 2.438 xalla 33-cü yerdədir.

Xəbər lenti