Xəzər Xəbər

“Qəbələ” komandası növbəti mərhələyə adlaya bilməyib

İdman | 09:47 • 20 İyul 2018
“Qəbələ” komandası növbəti mərhələyə adlaya bilməyib

"Proqres” – "Qəbələ” görüşünün ilk hissəsində "Qəbələ”nin heyətində Sequn Adeniyinin fərqlənmək imkanı olsa da, o, bundan yararlana bilməyib. Nəhayət, ilk hissənin 28-ci dəqiqəsində komandamız hesabı açıb. Qəbələ təmsilçisinin futbolçusu Asif Məmmədovun ötürməsindən sonra Jozef Monroz fərqlənib.


İkinci hissəyə də fəal başlayan "Qəbələ” rəqiblə müqayisədə daha üstün oyun nümayiş etdirib. Qəbələ təmsilçisi Lalavele Atakoranın və Rauf Əliyevin səyləri ilə rəqib qarşısında bir neçə təhlükəli vəziyyət yaratsa da, futbolçularımız bunu qola çevirə bilməyiblər. Oyunun 79-cu dəqiqəsində matçın baş hakimi qəbələli Təmkin Xəlilzadəni qırmızı vərəqə ilə cəzalandırıb. Qalan dəqiqələrdə Azərbaycan komandasının cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.


Beləliklə, matç komandamızın səfərdə 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbəyə baxmayaraq, Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı iki oyunun nəticəsinə görə növbəti mərhələyə adlaya bilməyib və mübarizəni dayandırıb. İkinci təsnifat mərhələsinə Lüksemburq təmsilçisi yüksəlib.


Xatırladaq ki, Bakıda keçirilən ilk oyunda Lüksemburq təmsilçisi 2:0 hesabı ilə "Qəbələ"dən üstün olmuşdu.


21:30


UEFA Avropa Liqasında ölkəmizi təmsil edən "Qəbələ” futbol komandası iyulun 19-da növbəti oyununu keçirir.


AZƏRTAC xəbər verir ki, komandamız turnirin birinci təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində səfərdə Lüksemburqun "Proqres” klubu ilə qarşılaşır.


Differdanjdakı "Munisipal” stadionunda keçirilən oyunda "Qəbələ”nin əsas heyətində Dmitri Bezotosnı, Rasim Ramaldanov, Rauf Əliyev, Asif Məmmədov, Cavid Hüseynov, Sequn Adeniyi, İlqar Qurbanov, Jozef Monroz, Təmkin Xəlilzadə, Ürfan Abbasov və Sabien Lilay yer alıblar.


Lüksemburq təmsilçisinin ilk onbirliyində isə meydana Sebastyan Floss, Mayron de Almeyda, Yannik Bastos, Olivye Till, Emmanuel Fransuaz, Mario Mutş, Jordan Qobron, Marven Martens, Adrian Ferino, Sebastian Till və Tim Hall çıxıblar.


Qarşılaşmanı Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi Keyt Kennedidir. Ona yan xətt hakimləri həmyerliləri Stefen Donaldson və Kristian Fransis Hanna kömək edirlər. Görüşdə dördüncü hakim funksiyasını Evan Boys yerinə yetirir.


Bakıda keçirilən ilk oyunda "Qəbələ” komandası Lüksemburq təmsilçisinə 0:2 hesabı ilə məğlub olmuşdu.


Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı Lüksemburq təmsilçisini iki oyunun nəticəsinə görə üstələyəcəyi təqdirdə ikinci təsnifat mərhələsində Macarıstanın "Honved” komandası ilə qarşılaşacaq.

Xəbər lenti