Xəzər Xəbər

Bu gün “Qarabağ”ın və “Qəbələ”nin rəqibləri müəyyənləşəcək

İdman | 13:35 • 17 İyul 2018
Bu gün “Qarabağ”ın və “Qəbələ”nin rəqibləri müəyyənləşəcək

İyulun 17-də UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları start götürəcək.


Xezerxeber.az xəbər verir ki, ilk oyun günündə 10 qarşılaşma keçiriləcək.


Azərbaycan çempionu "Qarabağ”ın potensial rəqibləri - Maltanın "Valetta” və Albaniyanın "Kukesi” komandaları üz-üzə gələcəklər. Bu komandalar arasında ilk qarşılaşma qolsuz heç-heçə ilə yekunlaşıb.


Bu gün, həmçinin "Qarabağ” – "Olimpiya” qarşılaşmasında məğlub olacaq komandanın Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi də müəyyənləşəcək. İlk oyunda Şimali İrlandiyanın "Kruzaders” kollektivini 7:0 hesabı ilə darmadağın edən Bolqarıstanın "Ludoqorets” komandası böyük ehtimalla UEFA Çempionlar Liqasında növbəti mərhələyə vəqisə qazanacaq. "Kruzaders” isə möcüzə baş verməsə Avropa Liqasının II təsnifat mərhələsində çıxış edəcək.


Qeyd edək ki, ilk matçda səfərdə Sloveniyanın "Olimpiya” klubunu 1:0 hesabı ilə məğlub edən "Qarabağ” iyulun 19-da cavab görüşünə çıxacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:00-da başlayacaq.


Bu gün, eyni zamanda, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin üç cavab görüşü keçiriləcək. Belə ki, Macarıstanın "Honved” klubu ilə Makedoniyanın "Rabotniçki” komandası arasında oynanılacaq qarşılaşma azərbaycanlı futbolsevərlər üçün xüsusi əhəmiyyət kəsb edəcək. Çünki "Qəbələ” klubu Lüksemburq təmsilçisi "Proqres”i üstələyəcəyi təqdirdə II təsnifat mərhələsində məhz bu oyunun qalibi ilə görüşəcək. İlk görüşdə "Rabotniçki” evdə 2:1 hesablı qələbə qazanıb. "Qəbələ” isə doğma meydanda 0:2 hesabı ilə uduzub. "Qırmızı-qaralar”ın cavab matçı iyulun 19-da Lüksemburqda oynanılacaq.

Xəbər lenti