Xəzər Xəbər

“Rusiya 2018”: İsveç millisi İsveçrəni məğlub edərək dörddəbir finala yüksəlib

İdman | 09:21 • 4 İyul 2018
“Rusiya 2018”: İsveç millisi İsveçrəni məğlub edərək dörddəbir finala yüksəlib

İyulun 3-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin sonuncu gününün ilk oyununda İsveç və İsveçrə milliləri qarşılaşıblar.


Sankt-Peterburqda oynanılan görüşdə İsveç millisi minimal hesabla qalib gələrək dörddəbir finala vəsiqəni təmin edib.


Sürətli hücumlarla başlayan oyunun birinci hissəsi komandaların cəhdlərinə baxmayaraq, qolsuz heç-heçə ilə başa çatıb. Matçın ikinci hissəsində Skandinaviya təmsilçiləri istəklərinə çatıblar. Oyunun 66-cı dəqiqəsində isveçlilərin hücumu zamanı Emil Fosberqin qüvvətli zərbəsindən sonra top müdafiəçiyə toxunaraq istiqamətini dəyişdiyindən qapıçı üçün əlçatmaz olub – 1:0. Bu, oyunda yeganə qol olub və matç İsveç yığmasının qələbəsi ilə başa çatıb.


Beləliklə, səkkizdəbir final mərhələsinin yeddinci görüşündə İsveçrə millisini mübarizədən kənarlaşdıran İsveç yığması dörddəbir finala vəsiqəni təmin edib. Dörddəbir finalda İsveç millisinin rəqibi İngiltərə-Kolumbiya görüşünün qalibi olacaq. Səkkizdəbir final mərhələsinin sonuncu görüşü - İngiltərə-Kolumbiya matçı Bakı vaxtı ilə saat 22:00-da Moskvadakı "Spartak” stadionunda start götürəcək.


Xatırladaq ki, səkkizdəbir final mərhələsinin ilk oyununda Fransa millisi argentinalıları məğlub edib (4:3), Uruqvay isə Portuqaliya yığmasından üstün olub (2:1). Bu mərhələnin ən gözlənilməz nəticəsi ev sahibi Rusiyanın İspaniya millisini mübarizədən kənarlaşdırması olub. Oyunun əsas vaxtı və əlavə olunmuş dəqiqələrdə hesab bərabər olduğundan (1:1) qalibi müəyyənləşdirmək üçün təyin olunan 11 metrlik cərimə zərbələri seriyasında ruslar daha dəqiq olublar - 4:3. Həmçinin Xorvatiya-Danimarka oyununda da əsas vaxtda qalib müəyyənləşmədiyindən (1:1) Balkan təmsilçisi 11 metrlik cərimə zərbələri seriyasını dəqiq yerinə yetirərək (3:2) dörddəbir final mərhələsinə vəsiqə qazanıblar. Braziliya yığması Meksika millisinə (2:0), Belçika isə Yaponiyaya (3:2) qalib gələrək dörddəbir finala yüksəliblər. Dörddəbir final mərhələsində Uruqvay millisi Fransa yığması ilə, Rusiya Xorvatiya ilə, Braziliya isə Belçika millisi ilə qarşılaşacaq. İsveç-İsveçrə görüşünün qalibi dörddəbir finalda İngiltərə-Kolumbiya görüşündə qələbə qazanan komanda ilə üz-üzə gələcək.


Mundialın dörddəbir final mərhələsinin görüşləri iyulun 6-7-də, yarımfinal matçları isə iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

Xəbər lenti