Xəzər Xəbər

Dörddəbir final mərhələsinin sonuncu iştirakçısı da müəyyənləşib

İdman | 11:21 • 4 İyul 2018
Dörddəbir final mərhələsinin sonuncu iştirakçısı da müəyyənləşib

İyulun 3-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin sonuncu oyununda İngiltərə və Kolumbiya milliləri qarşılaşıblar.


Moskvadakı "Spartak” stadionunda keçirilən matçda 11 metrlik cərimə zərbələri seriyasında qalib gələn İngiltərə millisi dörddəbir finala sonuncu vəsiqənin sahibi olub.


Qarşılıqlı hücumlar şəraitində keçən oyunun birinci hissəsində qapılara top vurulmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.


Matçın ikinci hissəsində "dumanlı albion” təmsilçiləri hesabı açıblar. Görüşün 57-ci dəqiqəsində Kolumbiya millisinin qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Harri Keyn mundialda altıncı qoluna imza atıb – 1:0.


Lakin İngiltərə millisi bu üstünlüyü oyunun sonunadək qoruyub saxlaya bilməyib. Matçın əsas vaxtına əlavə edilən hissənin 3-cü dəqiqəsində (90+3) Yerri Mina hesabı bərabərləşdirib – 1:1.


Görüşün əsas vaxtı heç-heçə başa çatdığından qalibi müəyyənləşdirmək üçün təyin olunan 15 dəqiqəlik iki əlavə hissədə də hesab açılmayıb. On bir metrlik cərimə zərbələri seriyasını daha dəqiq yerinə yetirən (4:3) İngiltərə yığması dörddəbir finala sonuncu vəsiqənin sahibi olub.


İngilislər dörddəbir finalda İsveç yığması ilə qarşılaşacaqlar. Yarımfinala vəsiqə uğrunda digər oyunlarda Uruqvay millisi Fransa yığması ilə, Rusiya Xorvatiya ilə, Braziliya isə Belçika millisi ilə qarşılaşacaq.


Xatırladaq ki, səkkizdəbir final mərhələsinin ilk oyununda Fransa millisi argentinalıları məğlub edib (4:3), Uruqvay isə Portuqaliya yığmasından üstün olub (2:1). Bu mərhələnin ən gözlənilməz nəticəsi ev sahibi Rusiyanın İspaniya millisini mübarizədən kənarlaşdırması olub. Oyunun əsas vaxtı və əlavə olunmuş dəqiqələrdə hesab bərabər olduğundan (1:1) qalibi müəyyənləşdirmək üçün təyin olunan 11 metrlik cərimə zərbələri seriyasını ruslar daha dəqiq yerinə yetiriblər - 4:3. Xorvatiya-Danimarka oyununda da əsas vaxtda qalib müəyyənləşmədiyindən (1:1) Balkan təmsilçiləri 11 metrlik cərimə zərbələri seriyasını dəqiq yerinə yetirərək (3:2) dörddəbir final mərhələsinə vəsiqə qazanıblar. Braziliya yığması Meksika millisinə (2:0), Belçika isə Yaponiyaya (3:2) qalib gələrək dörddəbir finala yüksəliblər.


Mundialın dörddəbir final mərhələsinin görüşləri iyulun 6-7-də, yarımfinal matçları isə iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

Xəbər lenti