Xəzər Xəbər

“Rusiya 2018”: Bu gün daha iki dörddəbir finalçı müəyyənləşəcək

İdman | 11:28 • 2 İyul 2018
“Rusiya 2018”: Bu gün daha iki dörddəbir finalçı müəyyənləşəcək

İyulun 2-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin növbəti oyunları keçiriləcək.


AZƏRTAC xəbər verir ki, Bakı vaxtı ilə saat 18:00-da başlayacaq ilk görüşdə beşqat dünya çempionu Braziliya və Meksika yığma komandaları üz-üzə gələcəklər. "Samara Arena”da keçiriləcək matçın baş hakimi italiyalı Canluka Rokki olacaq.


"E” qrupunda Kosta-Rika (2:0) və Serbiya (2:0) yığmalarına qalib gələn braziliyalılar İsveçrə millisi ilə isə (1:1) heç-heçə edərək qrupu 7 xalla ilk sırada başa vurublar.


Meksika millisi isə qrup mərhələsində "F” qrupunda yer alıb. İlk turda meksikalılar son dünya çempionu Almaniya milisini minimal hesabla məğlub ediblər (1:0), ikinci turda isə Meksika yığması cənubi koreyalılardan üstün olub (2:1). Sonuncu turda İsveç millisinə uduzan meksikalılar məğlubiyyətə baxmayaraq qrup ikincisi kimi səkkizdəbir final mərhələsinə vəsiqə qazanıblar.


Braziliya və Meksika yığmaları bu vaxta kimi dörd dəfə qarşılaşıblar. Bu görüşlərin üçündə "pentakamyon”lular 1950-ci, 1954-cü və 1962-cı illərdə qalib tərəf olublar. Bir oyun isə heç-heçə başa çatıb.


Qeyd edək ki, Braziliya millisi ən çox dünya çempionu olan komandadır. Braziliyalılar kuboku 5 dəfə başları üzərinə qaldırıblar. İlk dəfə 1958-ci ildə İsveçdə, dörd il sonra isə Çilidə keçirilən mundialın qalibi olan braziliyalılar 1970-ci ildə Meksikadakı turnirdə də qalib gələrək üçqat dünya çempionu kimi "Qızıl ilahə”ni həmişəlik öz ölkələrinə aparıblar. Braziliya millisi yeni kuboku üçüncü çempionluqdan 24 il sonra – 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında əldə edə bilib. Sonuncu – beşinci çempionluğuna 2002-ci ildə Koreya Respublikasının və Yaponiyanın birlikdə təşkil etdikləri mundialda nail olan Braziliya yığması hələlik bu göstərici üzrə dünya rekordçusudur.


1930-cu ildə keçirilmiş ilk dünya çempionatının iştirakçısı olan Meksika yığması mundiallarda indiyədək 16 dəfə yer alıb və ən yaxşı nəticəni 1970-ci və 1980-ci illərdə göstərərək dörddəbir final mərhələsinə qədər irəliləyə bilib. Bundan əlavə, 1970-ci və 1986-cı illərdə futbol üzrə dünya çempionatları Meksikada keçirilib. Meksika, həmçinin ABŞ və Kanada ilə birlikdə 2026-cı ildəki mundiala da ev sahibliyi edəcək.


X X X


Günün digər oyununda Belçika və Yaponiya yığmaları qarşılaşacaqlar. Bakı vaxtı ilə saat 22:00-da başlayacaq qarşılaşmanı seneqallı referi Malanq Dieduye idarə edəcək. Matç "Rostov Arena” stadionunda oynanılacaq.


Çempionatın favoritlərindən sayılan "qırmızı şeytanlar” "G” qrupundakı görüşlərində Panamaya 3:0, Tunisə 5:2, İngiltərəyə 1:0 hesabı ilə qalib gələrək, 9 xalla birinci yeri tutub. Yaponiya "H” qrupundakı qarşılaşmalarında Kolumbiyanı 2:1 hesabı ilə yendikdən sonra Seneqalla heç-heçə edib - 2:2. Son oyunda isə asiyalılar Polşaya 0:1 hesabı ilə uduzublar. Beləliklə, "gündoğar ölkə” komandası dörd xal toplayıb və eyni xala malik Seneqalı sarı vərəqələrinin azlığı səbəbindən üstələyərək, 2-ci yeri tutub. Qrup liderliyinə isə 6 xalla Kolumbiya yiyələnib.


Əvvəllər Belçika və Yaponiya yığmaları 2002-ci il dünya çempionatının qrup mərhələsində üz-üzə gəliblər. Həmin görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.


Qeyd edək ki, heyətindəki futbolçuların qiymətinə görə çempionatın ən bahalı komandalarından olan Belçika yığması doqquz dəfə mundialda iştirak hüququ qazanıb. Belçikalıların dünya çempionatlarında ən yaxşı göstəricisi 1986-cı ildə bürünc mükafat qazanması olub.


Yaponiya yığması isə bundan əvvəl üç dəfə mundiallarda çıxış etmək hüququ qazanıb. "Gündoğar ölkə” təmsilçilərinin ən uğurlu çıxışı 2002-cı ildə Koreya Respublikası ilə birgə ev sahibliyi etdikləri dünya çempionatında olub. Həmin mundialda qrup birincisi kimi səkkizdəbir finala yüksələn yaponiyalılar Türkiyə millisinə 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıblar.


Futbol üzrə dünya çempionatının səkkizdəbir final mərhələsinə iyulun 3-də İsveç-İsveçrə və İngiltərə-Kolumbiya matçları ilə yekun vurulacaq.


Çempionatın səkkizdəbir final mərhələsinin bütün görüşləri İdman Azərbaycan kanalında canlı yayımlanacaq.


Xatırladaq ki, səkkizdəbir final mərhələsinin ilk oyununda Fransa millisi argentinalıları məğlub edib (4:3), Uruqvay Portuqaliya yığmasından üstün olub (2:1). Play-off mərhələsinin ən gözlənilməz hesabı ev sahibi Rusiya və İspaniya millisi arasında qeydə alınıb. Oyunun əsas vaxtı və əlavə olunmuş dəqiqələri 1:1 hesabı ilə başa çatsa da, 11 metrlik cərimə zərbələrində ruslar dəqiq olublar - 4:3. Həmçinin Xorvatiya-Danimarka oyununda da əsas vaxtda qalib müəyyənləşməyib. On bir metrlik cərimə zərbələrində Xorvatiya millisi dörddəbir final mərhələsində vəsiqə qazanıb (3:2).


Beləliklə, dörddəbir final mərhələsində Uruqvay millisi Fransa yığması ilə, Rusiya isə Xorvatiya ilə qarşılaşacaq.


Mundialın dörddəbir final mərhələsinin görüşləri iyulun 6-7-də, yarımfinal matçları isə iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

Xəbər lenti