Xəzər Xəbər

“Rusiya 2018”: Daha bir komanda dörddəbir finala vəsiqə qazanıb

İdman | 09:04 • 2 İyul 2018
“Rusiya 2018”: Daha bir komanda dörddəbir finala vəsiqə qazanıb

İyulun 1-də Xorvatiya millisi Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının dörddəbir final mərhələsinə vəsiqə qazanıb.


Xezerxeber.az xəbər verir ki, mundialın səkkizdəbir final mərhələsi çərçivəsində Nijniy Novqorod stadionunda Xorvatiya və Danimarka milliləri qarşılaşıblar.


Argentinalı baş hakim Nestor Pitananın idarə etdiyi oyunda hesab birinci dəqiqədə açılıb. Danimarkalı Matias Yorqensen fərqlənib. Üç dəqiqə sonra xorvatiyalı Mario Mancukiç bərabərlik qolunu vurub. Komandaların cəhdlərinə baxmayaraq, oyunun ilk hissəsində hesab dəyişməyib – 1:1.


Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissədə futbolçular fərqlənməyi bacarmayıblar və matç 1:1 hesabı ilə heç-heçə başa çatıb.


Qalibi müəyyən etmək üçün əlavə vaxt oynanılıb. Bu dəfə də qapılara top vurulmadığından qalib penalti seriyasında bəlli olub. Zərbələri dəqiq yerin yetirən Xorvatiya millisi 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.


Xorvatiya millisi dörddəbir finalda iyulun 7-də Soçidə Rusiya yığması ilə qarşılaşacaq.


Xatırladaq ki, "D” qrupunda Nigeriya (2:0), Argentina (3:0) və İslandiyaya (2:1) hesabı ilə qalib gələn xorvatiyalılar 9 xalla qrupu ilk sırada başa vurublar. Danimarka millisi isə Peruya 1:0 hesabı ilə qalib gələrək, Avstraliya (1:1) və Fransa (0:0) ilə heç-heçə edərək 5 xalla "C” qrupunda ikinci olub.


Qeyd edək ki, futbol üzrə dünya çempionatının səkkizdəbir final mərhələsi çərçivəsində iyulun 2-də Braziliya-Meksika və Belçika-Yaponiya, ertəsi gün isə İsveç-İsveçrə və Kolumbiya-İngiltərə görüşləri baş tutacaq.


Mundialın dörddəbir final mərhələsinin görüşləri iyulun 6-7-də, yarımfinal matçları isə iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

Xəbər lenti