Xəzər Xəbər

“Qarabağ” bu dəfə CAR millisinin futbolçusuna “elçi düşdü”

İdman | 16:55 • 27 İyun 2018
“Qarabağ” bu dəfə CAR millisinin futbolçusuna “elçi düşdü”

"Qarabağ” hücumçu axtarışlarını davam etdirir.

Ağdam təmsilçisi yenə CAR-dan oyunçu almaqda maraqlıdır.

Zimbabveli Xama Biliatla anlaşa bilməyən Azərbaycan çempionu indi də "Maritsburq Yunayted”in üzvü Lebohanq Maboeyə "elçi düşüb”. Lakin bu mübarizədə təmsilçimiz tək deyil. Belə ki, Belçika klubu "Oostende” də 23 yaşlı oyunçunun xidmətində maraqlıdır.

CAR-dan olan hücumçu Dino Ndlovunun gedişindən bəri forvard axtarışında olan "Qarabağ” elə o vaxtdan Maboeni "qaralayıb”. Belə ki, ağdamlılar bu ilin yanvarından bəri futbolçunun çıxışını diqqətlə izləyir. Lakin problem ondadır ki, Maboenin klubu ilə müqavilə müddəti gələn ilin yayına qədərdir və bunun daha bir il uzadılması şərti var.

"Qarabağ” rəhbərliyi də futbolçunun müqavilə şərtlərini araşdırıb. "Maritsburq Yunayted” Maboenin qalmasının tərəfdarı olsa da, onun üçün gələcək təklifləri dəyərləndirməyə də hazırdır.

Qeyd edək ki, Lebohanq Maboe CAR millisinin də üzvüdür. Beş oyuna üç qol vurmuş Maboe hücumçu olsa da, daha çox irəli xəttin sol cinahında çıxış edir. O, sonuncu dəfə millisinin heyətində mayın 27-dən iyunun 9-dək CAR-da keçirilmiş COSAFA (Cənubi Afrika Futbol Assosiasiyaları Şurası) iştirak edib. Futbolçu təsəlliverici yarışın yarımfinalında Namibiyaya iki, finalda isə Botsvanaya bir qol vurub.

Xəbər lenti