Xəzər Xəbər

“Rusiya 2018”: “C” və “D” qruplarında sonuncu turun oyunları keçiriləcək

İdman | 14:19 • 26 İyun 2018
“Rusiya 2018”: “C” və “D” qruplarında sonuncu turun oyunları keçiriləcək

İyunun 26-da Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının on üçüncü günündə "C” və "D” qruplarında sonuncu turun oyunları keçiriləcək.


AZƏRTAC xəbər verir ki, sonuncu turda "C” qrupunda Avstraliya-Peru və Fransa-Danimarka matçı keçiriləcək. Hesabında 6 xal olan Fransa qrupda birinci yerdə qərarlaşıb. Danimarka 4 xalla ikinci, Avstraliya 1 xalla üçüncü, aktivində xal olmayan Peru isə sonuncudur.


İlk iki turda Fransa Avstraliya millisini 2:1, Perunu isə 1:0 hesabı ilə məğlub edib. Danimarka-Avstraliya oyununda qalib müəyyənləşməyib – 1:1. Peru millisi Danimarkaya minimal hesabla məğlub olub – 0:1.


Avstraliya və Peru komandaları tarixdə ilk dəfə Soçidəki "Fişt” stadionunda qarşılaşacaqlar. Ardıcıl iki məğlubiyyətdən sonra Peru millisi mərhələ adlamaq şansını itirib. Avstraliya millisi isə qələbə üçün meydana çıxacaq. Çünki komandanın pley-off mərhələsinə yüksəlmək şansı var.


Qrupun digər oyunu – Danimarka-Fansa matçı isə Moskvadakı "Lujniki” stadionunda təşkil olunacaq. Növbəti mərhələyə vəsiqəni təmin edən Fransa millisi meydana daha rahat çıxacaq. Danimarka millisini isə ancaq qələbə maraqlandırır.


İndiyədək komandalar 15 dəfə üz-üzə gəliblər. Səkkiz dəfə Fransa, 6 dəfə isə Danimarka millisi qələbəyə sevinib. Bir oyun heç-heçə yekunlaşıb. Maraq üçün qeyd edək ki, 1908-ci ildə Londonda təşkil olunan Yay Olimpiya Oyunlarının yarımfinal mərhələsində üz-üzə gəlmiş komandaların duelindən Danimarka millisi 17:1 hesablı qələbə ilə ayrılıb.


Hər iki görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Avstraliya-Peru oyunu İdman Azərbaycan, Danimarka-Fransa matçı isə İctimai Televiziya vasitəsilə canlı yayımlanacaq.


"D” qrupunda isə Nigeriya-Argentina və İslandiya-Xorvatiya qarşılaşmaları baş tutacaq.


Ardıcıl iki qələbə qazanan Xorvatiya millisi 6 xalla növbəti mərhələyə yüksəlib. Hesabında 3 xal olan Nigeriya ikinci, İslandiya və Argentina yığmaları hərəyə 1 xalla sonuncu iki pillədə qərarlaşıblar. Hər üç komanda növbəti mərhələyə adlamaq şansını saxlayır.


Ötən iki turun oyunlarında Xorvatiya Nigeriyanı 2:0, Argentinanı 3:0 hesabı ilə məğlub edib. Argentina-İslandiya oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb. Nigeriya millisi İslandiyanın qapısından iki cavabsız top keçirib.


Nigeriya-Argentina oyunu "Sankt-Peterburq Arena”da keçiriləcək. İndiyədək komandalar 8 dəfə üz-üzə gəliblər. Qələbələrin sayına görə, Argentina millisi irəlidədir. Belə ki, Latın Amerikası təmsilçisinin hesabında 5 qələbə var. İki oyunda Nigeriya millisi meydandan qalib ayrılıb. Bir oyunda isə qalib müəyyənləşməyib.


FIFA-nın açıqladığı sonuncu reytinq cədvəlinə əsasən, Argentina millisi rəqibini 43 pillə qabaqlayaraq ilk beşliyi tamamlayır.


Qrupun digər oyununda isə Xorvatiya və İslandiya yığmaları "Rostov Arena”da üz-üzə gələcəklər. Xorvatiya millisinin növbəti mərhələyə vəsiqə qazandığını nəzərə alsaq, İslandiya futbolçularının gərgin idman mübarizəsinin şahidi olacağıq.


Komandalar indiyədək 6 dəfə üz-üzə gəliblər. Bu oyunlar dünya çempionatının seçmə mərhələsinə təsadüf edib. Həmin oyunlarda Xorvatiya 4, İslandiya 1 dəfə qalib gəlib. Bir oyun isə heç-heçə yekunlaşıb.


Qrupun hər iki görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Nigeriya-Argentina qarşılaşması İdman Azərbaycan, İslandiya-Xorvatiya görüşü isə İctimai Televiziya vasitəsilə azarkeşlərə təqdim olunacaq.

Xəbər lenti