Xəzər Xəbər

"Rusiya 2018": İsveçrə - Serbiya -2:1

İdman | 09:44 • 23 İyun 2018
"Rusiya 2018": İsveçrə - Serbiya -2:1

İyunun 22-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının XI gününün sonuncu oyununda "E” qrupunda yer alan Serbiya və İsveçrə milliləri qarşılaşıblar.


"Kalininqrad Arena”da keçirilən görüşdə hesabı Serbiya yığması açıb. Dusan Tadiçin cinah ötürməsini Mitroviç dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:0. Hər iki komandanın cəhdlərinə baxmayaraq, birinci hissə Serbiya millisinin minimal hesabla (1:0) qələbəsi ilə başa çatıb.


Fasilədən sonra hücumların kəsərini artıran İsveçrə millisi 52-ci dəqiqədə hesaba tarazlıq gətirib. Şakirinin başladığı hücumu Qranit Djaka uzaq məsafədən qüvvətli zərbə ilə tamamlayıb - 1:1.


Oyunda son nöqtəni yenə də isveçrəlilər qoyub. Komandanın əsas qol silahı olan Şerdan Şakiri qapıçı ilə təkbətək mübarizədən qalib ayrılıb - 1:2.


Beləliklə, İsveçrə millisi fasiləyə məğlub durumda yolansa da sonrakı hissədə vurduğu iki qolla 2:1 hesabı ilə qələbə qazanıb.


Mundialın "E" qrupuna hərəyə 4 xal toplayan Braziliya və İsveçrə yığmaları başçılıq edir, Serbiya yığması isə 3 xalla üçüncü yerdə qərarlaşıb.


Braziliya və Serbiya yığmalarına məğlub olan Kosta-Rika milllisi səkkizdəbir finala yüksəlmək şansını itirib.


Qeyd edək ki, Serbiya və İsveçrə yığmaları ilk dəfədir ki, qarşılaşırlar. İsveçrəlilərin dünya çempionatlarında debütü 1934-cı ildə olub. Onlar mundialda on birinci dəfədir ki, iştirak edirlər və ən yaxşı nəticəni 1934-cü, 1938-ci və 1954-cü illərdə göstərərək dörddəbir final mərhələsinə vəsiqə qazanıblar.

Xəbər lenti