Xəzər Xəbər

"Rusiya 2018": Xorvatiya Nigeriyaya qalib gəlib

İdman | 09:15 • 17 İyun 2018
"Rusiya 2018": Xorvatiya  Nigeriyaya qalib gəlib

Xorvatiya millisi Rusiyada keçirilən futbol üzrə dünya çempionatına qələbə ilə başlayıb.


Xezerxeber.az məlumat verir ki, mundialın üçüncü gününün sonuncu oyununda "D" qrupunda yer alan Xorvatiya və Nigeriya milliləri qarşılaşıblar. "Kalininqrad Arena"da keçirilən oyunda hesab 32-ci dəqiqədə açılıb. Nigeriya millisinin üzvü Oqenekaro Etebo avtoqolla yadda qalıb. Matçın birinci hissəsi Xorvatiya yığmasının minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.


İkinci hissənin 70-ci dəqiqəsində Uilyam Ekonqun kobud oyununa görə, Nigeriya millisinin qapısına penalti təyin olunub. Cərimə zərbəsini dəqiq yerinə yetirən Luka Modriç hesab arasındakı fərqi artırıb. Bu qol dünya çempionatları tarixində 2400-cü qol olub.


Komandaların cəhdlərinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib. Beləliklə, Xorvatiya millisi vacib 3 xalı 2:0 hesablı qələbə ilə əldə edib.


Xatırladaq ki, "D” qrupu çərçivəsində keçirilən Argentina-İslandiya qarşılaşmasında qalib müəyyənləşməyib – 1:1.


İyunun 16-da "C” qrupu çərçivəsində də iki oyun keçirilib. Fransa millisi Avstraliya yığmasını 2:1 hesabı ilə məğlub edib. Danimarka komandası isə Peru millisinə qalib gəlib – 1:0.

Xəbər lenti