Xəzər Xəbər

Qanunsuz bilet satan şirkətdən prokurorluğa şikayət edilib

İdman | 15:18 • 5 İyun 2018
Qanunsuz bilet satan şirkətdən prokurorluğa şikayət edilib

Beynəlxalq Futbol Federasiyası (FIFA) 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatına qanunsuz bilet satdığına görə İsveçrənin "Viagogo” online-servisindən yerli prokurorluğa şikayət edib. Bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.


AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, FIFA-ya idman-əyləncə tədbirlərinə bilet satışı ilə məşğul olan dünyanın ən böyük online-servisinin qeyri-şəffaf və aldadıcı fəaliyyəti ilə bağlı istehlakçı hüquqları üzrə komitələrdən və fərdi şəxslərdən çoxsaylı şikayətlər daxil olub.


Federasiya, həmçinin Dünya Çempionatının oyunlarına bilet almaq üçün yeganə rəsmi servisin "FIFA.com/tickets” saytı olduğunu diqqətə çatdırıb. Qeydiyyatdan keçməyən kanallar vasitəsilə əldə edilən biletlərin etibarsız sayılacağı, onların sahiblərinin isə stadionlara girə bilməyəcəyi ilə bağlı xəbərdarlıq edib.


Qeyd edək ki, Beynəlxalq Futbol Federasiyası Dünya Çempionatının oyunlarına biletlərin qiymətini 2016-cı ilin iyul ayında elan edib. Biletlər qiymətlərinə görə 4 kateqoriyaya bölünüb. Açılış mərasimi və final oyunu nəzərə alınmadan üçüncü kateqoriya biletlərinin qiyməti 105-285 dollar, ikinci kateqoriya biletlərinin qiyməti 165-480 dollar, birinci kateqoriya biletlərinin qiyməti isə 210-750 dollar arasında dəyişir.


FIFA dünya birinciliyinin oyunlarına ümumilikdə 2,7 milyon bilet satmağı planlaşdırır. Hazırda 2,3 milyondan artıq bilet artıq satılıb.

Xəbər lenti