Xəzər Xəbər

"Neftçi"nin "ev"i təmirə bağlandı Komanda harada oynayacaq?

İdman | 15:55 • 2 May 2018
"Neftçi"nin "ev"i təmirə bağlandı

"Neftçi”nin ev oyunlarını keçirdiyi "Bakcell Arena” stadionu bu gündən etibarən təmirə bağlanacaq.

XəzərXəbər xəbər verir ki, təmir ot örtüyünün yenilənməsi prosesi ilə əlaqədardır.

Bu barədə AFFA-nın rəsmi feysbuk səhifəsi məlumat yayıb.

Hazırkı ot örtüyündə son oyun AFFA – "Aqro Sport” şirkətinin (arenanın ot örtüyünə xidmət göstərən qurum) və "Neftçi” PFK-nın əməkdaşlarından təşkil olunmuş komandalar arasında keçirilib. Qarşılaşma 4:4 hesabı ilə başa çatıb.

Qeyd edək ki, beynəlxalq ənənəyə əsasən, stadionun ot örtüyü yenilənməzdən əvvəl köhnə ot örtüyü üzərində son oyun həmin arenaya aidiyyatı olan qurumların əməkdaşları arasında keçirilir.

Təmirlə əlaqədar "Neftçi" mövsümün son ev qarşılaşması olan "Səbail"lə matçı başqa stadionda keçirməli olacaq. Qarşılaşmanın rəqib komandanın meydanında, yəni, "Bayıl Arena"da olma ehtimalı yüksəkdir.

Qeyd edək ki, "Neftçi" - "Səbail" matçı mayın 12-də, Topaz Premyer Liqanın 27-ci turu çərçivəsində keçiriləcək.

Xəbər lenti